Rusiya ilə Estoniya arasında diplomatik gərginlik davam edir. Bir neçə gün əvvəl Estoniya səfiri Marqus Laidre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bildirilib ki, səfir fevralın 7-dək Rusiya Federasiyasının ərazisini tərk etməlidir.
Estoniya isə yanvarın 19-da Moskvadan Rusiyanın Tallindəki səfirliyinin işçilərinin sayını azaltmağı tələb edib.
Eyni zamanda Tallindən qeyd edilib ki, Estoniya Rusiya səfirliyini bağlamağı planlaşdırmır və Estoniyanın Moskvadakı səfirliyi fəaliyyətini davam etdirəcək.
Daha sonra Estoniya Finlandiya körfəzini Rusiya üçün bağlamağı planlaşdırdığını açıqlayıb. Üstəlik, Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk bəyan edib ki, Estoniya sərəncamında olan bütün 155 mm-lik haubitsalarını Ukraynaya verəcək.
Estoniya ilə Rusiya arasında davam edən bu gərginlik nə ilə bağlıdır?
Tanınmış estoniyalı politoloq Pyeter Taym Oxu.Az-a açıqlamasında bildirib ki, eston xalqının çox güclü tarixi yaddaşı var:
“Hər ikinci, bəlkə də, üçüncü eston ailəsinin nənələri, babaları, əmiləri, xalaları var ki, onları at daşımaq üçün nəzərdə tutulmuş vaqonlarla Sibirə sürgün ediblər. Biz bunu unutmamışıq. Misal üçün, fransızları belə vaqonlarda Sibirə göndərməyiblər deyə onlar bunun nə olduğunu bilmirlər”.
Pyeter Taym xatırladıb ki, son 30 il ərzində Baltikyanı ölkələr Rusiyanın hücum edə biləcəyi barədə həyəcan təbili çalanda Mərkəzi və Qərbi Avropadakı ölkələrin nümayəndələri onları az qala axmaq kimi qəbul ediblər:
“Bizə gülürdülər. İndi hamı – almanlar, fransızlar və başqaları bizim haqlı olduğumuzu etiraf edirlər”.
Estoniyalı politoloq artıq bir ilə yaxındır davam edən müharibədən sonra Rusiyanın müəyyən qədər zəifləməsi ətrafında gedən müzakirələrə və bu məqamın Moskvanın Cənubi Qafqazdakı mövqelərinə nə dərəcədə təsir edəcəyinə də toxunub:
“Mən əvvəlcə Ukraynada yaşayan və işləyən Krım tatarı, keçmişdə Rusiya, hazırda isə Ukrayna jurnalisti olan Ayder Mujdabayevin fikrini səsləndirmək istəyirəm. O bildirmişdi ki, əgər rusiyalı hərbçilər Qafqazdan çıxarılsalar, o zaman azərbaycanlılarla ermənilər dərhal dil tapacaqlar. Və mən Ayder Mujdabayevlə razıyam. Mən yalnız onun fikirlərinə əlavələr edib deyə bilərəm ki, “Ramştayn” formatında keçirilən son beynəlxalq görüşdə elan edilmiş silah siyahısındakıların yarısı Ukraynaya gəlsə, Rusiya hərbçiləri müqavilədə qeyd edilən müddətin bitməsini gözləmədən tezliklə bölgənizi tərk edəcəklər. Başqa çıxış yolu olmayacaq, çünki Ukrayna cəbhəsində hərbçilərə ehtiyac olacaq. Rusiyalı əsgərlər indi olduqları yerləri tərk edəcəklər, Dnestryanı bölgədən də, Tacikistandan da, digər bütün yerlərdən də çıxacaqlar”.
Nair Əliyev