• Ca. Noy 28th, 2024

Pyotr Lyukimson: “Tehran azərbaycanlıların ayağa qalxacağından qorxur” – MÜSAHİBƏ

ByYenigun.news

Apr 11, 2023


İsrail son aylarda dünyanın qaynar nöqtəsinə çevrilib. Burada üç aydan çoxdur ki, məhkəmə islahatı əleyhdarlarının etirazları səngimir. Bir neçə gün əvvəl isə bu islahatların həyata keçirilməsini dəstəkləyən Baş nazir Benyamin Netanyahunun tərəfdarları küçələrə çıxıblar.

Yaxınlarda Livan, Qəzza və Suriyadan İsrail ərazilərinin atəşə tutulması baş verdi, silsilə terror aktları yaşandı, Məbəd dağındakı Əl-Əqsa məscidində insidentlər oldu.

İsraildə və onun ətrafında baş verənləri Oxu.Az-a israilli analitik və yazıçı Pyotr Lyukimson şərh edib:

– Ondan başlayım ki, İsrail küçələrində yaşananlar, etirazlar – bu, sırf İsraildaxili məsələdir. Ölkəmizdə arxaik və hətta diktator məhkəmə sistemi hökm sürür və bu təsisat hakimiyyətin digər qollarının səlahiyyətlərini mənimsəməyə başlayıb. Məsələn, parlament – Knesset səs çoxluğu ilə qanun qəbul edə bilər, lakin Ali Məhkəmə, öz növbəsində, onu qanunsuz hesab edərək ləğv edə bilər. Bu elə bir vəziyyətdir ki, məhkəmə qanunla deyil, özünün doğru və ya yanlış hesab etdiyinə əsasən hökm edir. Seçkidə qalib gələn hazırkı koalisiya məhkəmə islahatları aparacağını bəyan etmişdi. Mənim nəzərimə görə, səhvə yol verildi. Seçkidən dərhal sonra koalisiya çox sürətlə islahatlara getməyə qərar verdi. Amma axı məhkəmələrlə bağlı problemin mahiyyətinin nədən ibarət olduğunu çoxları başa düşmürlər, bunu hələ insanlara izah etmək lazım idi. Şəxsən mən məhkəmə islahatlarının tərəfdarıyam, onun İsrailə əsl demokratiya gətirəcəyinə inanıram. Yaxın vaxtlara qədər İsraili dərin dövlət idarə edirdi. Bu, hakimlərin, məmurların, yəni xalq tərəfindən seçilməyən, sadəcə, təyin olunan insanların hakimiyyəti idi.

Müxalifət, həqiqətən də, yüzminlərlə insanı küçələrə çıxardı. Bu, əhalinin əksəriyyəti deyil, amma onlar da az deyillər. Və nəzərə almalıyıq ki, polis də, ordunun yüksək rütbəli zabitləri də, həmkarlar təşkilatları da məhz yuxarıda qeyd etdiyimiz dərin dövlətin tərkib hissələridir. Nəticədə belə bir ciddi qarşıdurma yarandı. Bu isə bizim rəqiblərimizi, ilk növbədə, Qəzza zolağındakı HƏMAS-ın, Livandakı “Hizbullah”ın arxasında duran İranı ruhlandıra bilər. Tehranda İsraili zəiflətmək ümidi ilə yanğına yağ tökmək qərarına gəldilər. Baş verən başqa bir vacib məqam da var. Bu il iki tarix – Ramazan və Nisan aylarının (yəhudilərin Misirdən ayrıldıqları və sonradan Nisan adlanan bahar ayı, yəhudi təqvimində ilin ilk ayı) başlanması üst-üstə düşdü. Təqvimlərin belə təsadüfü tez-tez baş vermir. Bu, əlavə gərginliyə səbəb olub.

– Zəhmət olmasa, izah edərdiniz…

– Ramazan ayında fələstinlilər üçün yumşalmalar edilir (İsrail ərəblərinin bu yumşalmalara ehtiyacı yoxdur, onlar bu ölkənin vətəndaşlarıdır). Müəyyən qüvvələr bundan istifadə etmək qərarına gəldilər. Onlar gəncləri qızışdırıb müsəlmanlar üçün müqəddəs sayılan Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağında asayişi təmin edən polislərə qarşı qoydular. Eyni zamanda, Məbəd dağı həm də yəhudilər üçün müqəddəs məkandır.

Mümkün qədər çox insan orada namaz qılsın deyə İsrail yumşalmalara gedir, ibadət üçün şərait yaradır, Fələstin ərazilərindən oraya insanlar gəlirlər. Orada tamamilə normal auditoriya toplanır, lakin HƏMAS və “İslami Cihad”ın təsiri altında olan şəxslər də məscidin ərazisinə daxil olublar. Nəticədə qarşıdurma yaranıb, polis sərt reaksiya verib. Buradan çoxları belə nəticəyə gəliblər ki, yəhudilər Əl-Əqsa məscidində namaza mane olurlar, lakin bu belə deyil. İran bundan öz xeyrinə istifadə etdi, cənubdan HƏMAS, şimaldan isə “Hizbullah” İsrailə atəş açmağa başladılar. Bu sıraya uzun müddət İranın forpostu olan Suriya da qoşuldu. Beləliklə, xarici problemlərimiz daxili problemlərimizin üstünə gəldi. Bu məqamda onu da qeyd etmək lazımdır ki, müxalifət dərhal xarici təhlükənin dəf edilməsində hakimiyyətlə ortaq mövqedə olduğunu bəyan etdi.

Başqa bir nüans – “Hizbullah” artıq Livan hökumətini bezdirib. Beyrut bəyan etdi ki, İsrail ərazilərinin atəşə tutulması ilə heç bir əlaqəsi yoxdur. Ağır iqtisadi vəziyyətdə olan Livan İsrailin bu hücumlara cavab verəcəyi təqdirdə nələrin yaşanacağını anlayır. Amma Livandakı “Hizbullah”la bağlı nəsə etmək lazımdır, bu, dəqiqdir. Axı son hücumlarda İsrailin şimalında yerləşən ticarət mərkəzi, evlərimiz hücuma məruz qalmışdı.

HƏMAS-a gəlincə, bu, sadəcə olaraq, İsrailin mövcudluq hüququnu inkar edən bir terror təşkilatıdır. Qəzzada bir dənə də olsun israilli yoxdur, biz oradan çoxdan çıxmışıq. HƏMAS orada istədiyini edir. Amma onlar da qlobal eskalasiya istəmirlər, ona görə də vəziyyət tədricən sabitləşə bilər.

– İran İsraildə bütün siyasi qüvvələr tərəfindən düşmən kimi qəbul edilir. Bəs sizcə, İran dünyanın hansı ölkələri üçün “ümumi düşmən”dir? Tehran daha kimləri təhdid edir? Azərbaycanla İran arasında münasibətlər kəskinləşir, İran Ukraynada düşmən hesab olunur…

– İran hökuməti, ilk növbədə, öz xalqının düşmənidir. “Xomeyni rejimi” qurulmamışdan əvvəl bizim İranla gözəl münasibətlərimiz var idi, iranlı turistlərdən ibarət izdiham İsrailə səfər edir, öz növbəmizdə biz mütəmadi İrana səyahət edirdik. Bəli, bütün bunlar çoxdan olub, amma ölkələrimiz dostluq edirdi.  Sizə daha çoxunu deyim – bizdə hələ də İran səfirliyinin fəaliyyət göstərdiyi bina qalır, oranı heç kim məşğul etməyib. Ümid edirik ki, ora nə vaxtsa fəaliyyətini bərpa edəcək.

İsraildə İrandan olan çoxlu sayda insan yaşayır, onlar öz ölkələrini sevməyə davam edir, haradan gəldiklərini xatırlayırlar, hadisələri diqqətlə izləyirlər, orada baş verənlərdən məlumatlıdırlar. Orada yaşananlar isə dəhşətdir. İstənilən fərqli düşüncə, fərqli görüş təqiblə qarşılanır. Bu rejimin məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdır. Bu məqsədlə bəzi xarici ölkələrə qarşı nifrət yağdırmaq yolu seçilib. Halbuki, həmin ölkələr heç düşmən olmaya da bilər.

Ümumiyyətlə isə İran özünün bir nömrəli düşməni kimi “böyük şeytan” adlandırdığı ABŞ-ni seçib. Ardınca isə “kiçik şeytan” adlandırdıqları İsrail gəlir və onlar ölkəmizi məhv etmək lazım olduğunu bəyan edirlər. Artıq yuxarıda dediyim kimi, İsrailin bütün siyasi qüvvələri İran hakimiyyətini özlərinə düşmən hesab edirlər. Ona görə də biz İranın nüvə proqramından, İranın mümkün atom bombasını hazırlamağından narahatıq.

İran hakimiyyətinin digər düşmənləri isə o ölkələrdir ki, İsraillə bir növ dostluq edir və ya yaxşı münasibətlər saxlayırlar.

Sizə bir şəxsi xatirə haqqında danışmaq istəyirəm. Həyat yoldaşımla Bakıda olarkən bir qrup iranlı turistlə tanış olduq. Onlar bildirdilər ki, İsrailə qarşı heç bir neqativ münasibət bəsləmirlər, ümid edirlər ki, normal hökumət gələcək və İran yenidən İsraillə dost olacaq. Çox isti söhbətimiz oldu. Və vurğulamaq istəyirəm ki, İsrailin də İran xalqına qarşı heç bir pis niyyəti yoxdur, bu, birmənalıdır.

– Bəs niyə İran Azərbaycanla konfliktə qalxsın ki? Nəzərə alsaq ki, İranda onmilyonlarla azərbaycanlı yaşayır…

– İranın əbədi qorxusu Güney Azərbaycan məsələsidir. Təbriz Azərbaycanın tarixi paytaxtıdır, Azərbaycan torpağıdır. Qorxurlar ki, azərbaycanlılar ayağa qalxarlar. Bunu mənə İrandan olan fars tanışlarım da deyiblər.

Azərbaycanla konflikt var və olacaq da. Amma Tehran digər milli azlıqlardan da qorxur. İran regionda sabitliyi pozan elementdir və normal dövlətə çevrilməyənə qədər belə də qalacaq.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir