“Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir”.
“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında və Almaniyaya səfəri, Münhen konfransı zamanı azərbaycanlıların Ermənistandan qovulması faktını təkzib etməyə cəhd edib:
“Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir. Baş nazir üçün vurğulamaq istərdik ki, azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir”.
Qurum rəsmisi vurğulayıb ki, bu gün Ermənistan rəsmilərinin Qərbi azərbaycanlılarla bağlı silsilə bəyanatlar verdikləri zaman məsələni ərazi iddiası kimi göstərməyə çalışdıqlarını görə bilərik:
“Bununla da media vasitəsilə azərbaycanlılara qarşı nifrət və antimüsəlman meyilləri yayırlar. 1988-ci ildə 11 gün ərzində 300 mindən çox Qərbi azərbaycanlının qovulması deportasiyanın miqyasını və onun nə qədər sistemli şəkildə təşkil olunduğunu ortaya qoyur. Ermənistanın baş naziri bizim geri qayıtmaq hüququmuzu ərazi iddiaları kontekstində təqdim etməyə çalışır. Bu həm də etnik ayrı-seçkilik və islamofobiya əlamətidir. Biz, sadəcə olaraq, Vətənimizə sülh yolu ilə qayıtmaq, orada dinc yanaşı yaşamaq, müqəddəs yerlərimizi, məzarlıqlarımızı ziyarət etmək istəyirik. Ermənistanın azərbaycanlıları öz torpaqlarından qovması, onların təhlükəsiz və ləyaqətlə Vətənə qayıtmasına imkan verməməsi bu ölkənin beynəlxalq təşkilatlar qarşısında insan hüquqları üzrə öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”.