Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşü keçirilib.
“Report” xəbər verir ki, C.Bağçı, səfirliyin məsləhətçisi Zeynep Kıvılcım və lll katib Gencehan Babiş İcmanın binasını ziyarət edib.
Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri – İdarə Heyətinin sədri Əziz Ələkbərli, İdarə Heyətinin sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Gənclər Şurasının sədri Ramin Məmmədov iştirak ediblər.
Görüş zamanı səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti dədə-baba yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir.
Qeyd olunub ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.
Daha çox foto burada: PhotoStock.az