• Şb. Noy 23rd, 2024

Qərbi Azərbaycan Xronikası: “Bizə erməni uşaqları pis baxır, öz dillərində söyüş söyürdülər” – VİDEO

ByYenigun.news

Mar 29, 2024

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Gölkənd orta məktəbi sanki “kiçik akademiya idi” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd sakini Tanırverdi Mustafayevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və orta məktəb illərinin maraqlı keçdiyini, Novruz bayramının təzə il kimi qeyd olunduğunu bildirib:

“Valideynlərimizin hamısı zəhmətlə məşğul idi. Özümüz də uşaqlıqdan zəhmətə öyrəşirdik. Biz bütün dərslərə mükəmməl hazırlaşırdıq, hamıda həvəs var idi. Yay vaxtı yaylaqlara köçərdik, üç ay biz yaylaqlarda olardıq. Bunların heç biri unudulmur. Uşaqlıq xatirələrimiz həmişə bizi ora çəkir”.

Onun sözlərinə görə, yaşadıqları kənd göllərin əhatəsində yerləşdiyinə görə adı Gölkənd olub:

“1987-ci ildə aspiranturaya qəbul oldum və 1988-ci ildə deportasiya başladı. Bilirsiniz, biz uşaq olanda erməni məkrliyini çox hiss etmirdik. Çünki bizim kəndlərin heç birində erməni yaşamırdı. Biz rayona fənn olimpiadalarına gedirdik. Hələ 1977, 1978 və 1979-cu illərdə ermənilərin bizə qarşı aqressiyaları var idi. Bizə erməni uşaqlar pis baxır, öz dillərində söyürdülər. Hətta birdəfə bu səbəbdən dava da düşüb, onları döymüşük”.

O, Vətən həsrətinin çox ağır olduğunu vurğulayıb:

“Harada yaşamağımızdan asılı olmayaraq uşaqlıq illərində keçirdiyimiz günlərin həsrətindəyik. İnanıram ki, biz doğma yurdumuza yenə qayıdacağıq. 40 ilə yaxındır yurdumuzdan uzaq düşmüşük, gəzdiyimiz o cığırları ot basıb. Səbirsizliklə qayıdış gününü gözləyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir