• Ca. Noy 28th, 2024

Qərbi Azərbaycan Xronikası: “Biz sülh yolu ilə təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik” – VİDEO

ByYenigun.news

İyn 19, 2023


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü, fəlsəfə doktoru, təhsil təşkilatçısı Mirfaiq Mirheydərli olub.

O, doğulub boya-başa çatdığı Zəngibasar rayonu Dəmirçi kəndi barədə xatirələrini bölüşüb və deyib ki, Qərbi Azərbaycanda erməni zülmünə qarşı aparılan mübarizədə azərbaycanlı müəllimlərin verdiyi təhsilin, mənəvi dəstəyin rolu böyük olub.

Onun sözlərinə görə, Qərbi azərbaycanlılar müxtəlif təzyiqlərlə üzləşsələr də, milli kimliklərini qoruyub saxlamağı bacarıblar.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən söhbət açan M.Mirheydərli 1920-ci ilin iyul ayında Zəngibasardakı qətliamlara diqqət çəkib, bu hadisəyə şahidlik edən yaşlı nəsillərin söylədiklərini əsas gətirərək deyib ki, o dövrlərdə erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə soxularaq çoxsaylı vandalizm aktları törədib, talançılığa yol verib, günahsız insanlara qarşı böyük qəddarlıqlar ediblər:

“Zəngibasarda yaşayan Azərbaycan türkləri 1937-ci ilin repressiyasında, 1948-53, 1988-ci illərin deportasiyalarında faciələr yaşayıblar. Repressiya illərində ermənilər nüfuzlu azərbaycanlıları əksinqilabçı, xalq düşməni adı altında sürgün etdirib, bir çoxlarını güllələtdiriblər. Deportasiya illərində azərbaycanlı əhalisi zorla köçürülən kəndlərə xaricdən ermənilər köçürülərək yerləşdiriliblər. Bəzi kəndlər tamamilə boşaldılaraq nəinki oradakı evlər, hətta qəbiristanlıqlar da dağıdılıb. Ermənilər bütün üsullardan istifadə edib azərbaycanlıları sıxışdırıb, pir və türbələrimizi uçurub, təmir bəhanəsi ilə izlərimizi silməyə çalışıblar”.

Fəlsəfə doktoru Qərbi Azərbaycanda təhsil və səhiyyə sahəsində müsəlman türklərə qarşı yaradılan problemlərə də toxunub və bildirib ki, ali və orta ixtisas təhsilli gənc kadrlar işlə təmin edilmədiyi üçün Vətənlərini tərk etməyə məcbur olublar.

O, Prezident İlham Əliyevin tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi fikirlərin hər bir Qərbi azərbaycanlının ürəyində ümid hissi yaratdığını vurğulayıb:

“Biz sülh yolu ilə təhlükəsiz qaydada, ləyaqətli şəkildə Vətənimizə qayıtmaq istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir