Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Dərələyəz mahalının etnoqrafiyası haqqında xüsusi buraxılış hazırlanıb.
Verilişdə mahalın tarixi, mədəniyyəti, atət-ənənələri, mətbəxi, abidələri, bayram ənənələri, bitkiləri və digər sahələrindən geniş söhbət açılıb.
Bildirilib ki, ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə geniş ərazini əhatə edib. 102 kəndi olan, 1828-ci ildən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyişikliklərə məruz qalıb:
“Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatıb. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalıb, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur ediliblər. Ümumiyyətlə, 20-ci əsrdə azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti nəticəsində onlar Qərbi Azərbaycan, indki Ermənistan, o cümlədən Dərələyəzdən zorla deportasiya olunublar. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı (dəyişdirilmiş adı Ayotsdzor) Keşişkənd və Soylan rayonlarına bölünüb”.
Verilişdə Dərələyəz camaatı məşəqqətli günlərini xatırlayıb, başlarına gətirilən əhvalatlardan söz açıblar:
“Dərələyəzdən məcburan qovulanda insanlarımızın çoxu Kəlbəcərə tərəfə qaçdılar. Oradan Laçın yolu ilə Şuşaya getmək məcburiyyətində qaldılar. O zaman yollar bərbad gündə idi. Laçın və Şuşa yolu ermənilər tərəfindən dağıdılmışdı. Yola qazan qapaqları düzüblər ki, maşınlar keçə bilsin”.
Həmçinin üç dəfə deportasiyaya məruz qalan, dədə-baba yurdlarından zorla çıxarılan dərələyəzlilərin Şuşaya necə köçürülməsi, oradan yenidən qovulmaları barədə məlumat verilir, eləcə də Dərələyəzdə mövcud olan bəzi abidələri ermənilərin niyə bərpa etmədiyinə aydınlıq gətirilir.
Sonda o da diqqətə çatdırılır ki, hündür dağlarla əhatə olunan bu qədim diyar nadir bitkiləri, müxtəlif dərman otları ilə seçilib. Ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, çiriş, cacıq, baldırğan, çaşır, əməköməci, qazayağı, rəvənd, dağ kəvəri, yarpız, nanə, kəklikotu kimi insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri bu elin mətbəx mədəniyyətini zənginləşdirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.