Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.
“Baranlı sülaləsinin adı ilə bağlı olan rayon” adlı süjetdə 200 ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini, qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.
Qeyd olunub ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddil qəzasında, əvvəl Barana, sonra Noyemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülaləsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur.
Vurğulanıb ki, ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar:
“Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir”.
Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar:
“Oğuz türkləri 1988-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununla da ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.
Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib. Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş, Karvansara, yəni İcevan və Şəmşəddil, yəni Berd rayonları daxildir”.
Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir:
“Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: