• Ça. Noy 26th, 2024

Qərbi Azərbaycan Xronikası: Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları – VİDEO

ByYenigun.news

Sen 26, 2023


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni qızlardan Azərbaycan etirafı” adlı veriliş efirə gedib.

Verilişdə gənc erməni fəalı Culi Bağdasaryan və araşdırmaçı Meri Aslanyanın gerçək tarixi üzə çıxarmaq istəklərinə yer verilir.

Bildirilir ki, Ermənistan hakimiyyəti son 35 ildə ciddi cəhdlə Qərbi Azərbaycanda Azərbaycan izlərini, əhalisi, yaşam tərzi və yaratdığı mədəniyyəti silmək, danmaq və saxtalaşdırmaq siyasəti yeridir. Onlar saxta və qurama araşdırma, dərslik və monoqrafiyalarda, həmçinin dövri mətbuatda azərbaycanlıların izlərinin silinməsinə demək olar ki, nail olublar. Bu gün çox az mənbədə azərbaycanlıların tarixi yurd yerləri olan ərazilər və yaratdıqları izlər haqqında məlumata rast gəlmək olar. Amma bəzi erməni araşdırmaçılar total saxtalaşdırma və vandallıq siyasəti ilə razılaşmayıb gerçək tarixi üzə çıxarmaq istəyirlər.

C.Bağdasaryan müxtəlif mövzularda bloqunda yazılar verir, özünü vətənpərvər sayır və erməni xəstə siyasətinin qurbanıdır. O, öz həmvətənlərinin və onların havadarlarının törətdiyi əməlin dəhşətini, 1988-ci il hadisələrini erməni saxta məlumatları əsasında təqdim etsə də Qafan hadisələri nəticəsində azərbaycanlıların qovulmasını və onların ilk qaçqın olmasını etiraf edir. 

Gənc araşdırmaçı öz yazılarında Meri Aslanyan 1926, 1939, 1959-cu il siyahıyaalınmalarını xatırladaraq bu məlumatı Ermənistanın saxtalaşdırılan statistsikasından götürüldüyünü, real rəqəmlərin isə fərqli olduğunu bildirir: “Məhz Stalinin köçürülmə qərarı ilə Qərbi Azərbaycandan minlərlə  yerli azərbaycan əhalisi deportasiya olundu. Onun iradəsi, Mikoyanların fitnəsi ilə boşaldılan hər kəndə, hər evə Suriyadan, Livandan, dünyanın dörd bir yerindən ermənilər gətirilib məskunlaşdırıldı”

Əslinin Qərbi Azərbaycana köçmə olduğunu bilən M.Aslanyan trüksüz Ermənistan siyasətinin ağır nəticələrini elə rəqəmlərin dili ilə təqdim edir. Onun öz məqaləsinə Qərbi azərbaycanlıları simvolizə edən məqam kimi, bu il 140 yaşı tamam olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin 1939-cu ilə aid fotonu yerləşdirməsi də maraq doğurur. Məhz İrəvan teatrı Qərbi Aərbaycanlıların tarixi-mədəni irsini, mədəni inkişaf səviyyəsini göstərən mühüm tarixi sübutdur. Bu bir daha İrəvan və onun ətrafında olan mahalların tarixən əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu, orada iri mədəniyyət ocaqları, sənət məbədləri yaratdığını sübut edir.

Verilişdə Culi və Merinin yazılarında indiki Ermənidtanda yaşamış azərbaycanlıların acı taleyi və böyük  tarixi izləri özünü əks etdirir: “Bu gənclər ən sadə gerçəyi gizlətmək istəməyib, daha vicdanlı olmaq istəyirlər. Lakin rəsmi təbliğat maşını və ideoloji silahlar erməni əhalisini vicdansızlar toplusuna çevirir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir