Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər” adlı veriliş İrəvan və Vedi əsilli Qərbi azərbaycanlı, tanınmış göz həkimi Paşa Musayev- Qəlbinurun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin ana yurdu İrəvan şəhərində, qismən isə ata yurdu Qərbi Azərbaycanın Vedi rayonunun Çimən kəndində keçdiyini deyib:
“Atam Çimən kəndindən, anam İrəvan şəhərindən olub. Ancaq biz ailə olaraq İrəvanda yaşamışıq. Yadımdadır ki, babamın İrəvandakı böyük mülkündə yuxarıda eyvandan “Neftçi” ilə “Ararat”ın oyununa baxırdım. İrəvan bizim şəhərimiz idi. Cəmiyyətdə üst mövqedə olan insanları müəyyən yollarla məcbur köçürürdülər”.
Onun sözlərinə görə, ailələri və qohumları 1954-1957-ci illərdə İrəvandan Şəmkirə köçüblər:
“Qərbdən, Avropadan, Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər ki, oradakı azərbaycanlıları öz əzəli-əbədi Vətənlərindən uzaqlaşdırsınlar. Mənim yadımdadı, qonşuluqda Yesxabed adında Fransa ermənisi var idi. Qonşunun və bizim böyük həyətimizin müəyyən hissəsini kəsib onlara vermişdilər. Onları yerləşdirmək üçün xüsusən azərbaycanlıların torpaq sahələrinin, mülklərinin müəyyən hissəsini Ermənistan hökuməti siyasi məkrlə alıb onlara verirdi”.
P.Qəlbinur erməni daşnaklarının vəhşiliklərindən söz açıb.
“Mən indi də yuxu görəndə çox vaxt İrəvandakı evimizi görürəm. Elə bilirəm ordayıq. Biz ora qayıtmalıyıq, çünki ora bizim Vətənimizdir. Bizim ruhumuz yalnız oralara bağlıdır. Mən çox əminəm ki, biz Qarabağa qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”, – deyə o qeyd edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: