Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa olub.
O, Azərbaycan dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi, bir parçası sayılan İrəvan xanlığının yaranması, əhatə etdiyi torpaqlar, inzibati ərazi bölgüsü, idarəetmə sistemi barədə ətraflı məlumat verib.
Alim bildirib ki, hər bir dövlətdə olduğu kimi, İrəvan xanlığının da gerbi, bayrağı, mərkəz şəhəri olub. İrəvan xanlığının paytaxtı İrəvan qala-şəhərinin yaranması tarixindən söhbət açan N.Mustafa qeyd edib ki, 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan da daxil olmaqla, ətraf əraziləri ələ keçirib. Şah İsmayıl 1509-10-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verib. Yeddi ilə tikilən qala onu inşa etdirənin şərəfinə “Rəvan” adlandırılıb.
Tarixçi-alim İrəvan şəhəri ilə bağlı ermənilərin bir çox uydurmalarının olmasına diqqət çəkib.
Bildirib ki, erməni tarixçiləri İrəvan şəhərinin adının Urartu çarı I Argistinin dövründə (e.ə. 782-ci il) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. N.Mustafa vurğulayıb ki, ermənilərə heç bir aidiyyəti olmayan Erebuni qalası yalnız hərbi-istehkam məqsədi ilə inşa edilib və onun ətrafında şəhər infrastrukturu formalaşmayıb. Hazırda şəhər ərazisinin on dəfədən çox genişlənməsinə baxmayaraq, bu gün də Erebuni qalasının yerləşdiyi Qanlıtəpə ilə İrəvan arasında xeyli məsafə var. Tarixçi-alim söyləyib ki, İrəvanı dünyanın ən qədim erməni şəhəri kimi (Romadan da 30 yaş böyük) təqdim etmək istəyən saxtakarlar bu gün həmin yaşayış məntəqəsində mövcud olan və yaşı 250-ni keçən bir dənə də olsa tarixi abidə göstərə bilmirlər.
N.Mustafanın sözlərinə görə, tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin, o cümlədən Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin olması göstərilir. Vaxtilə əcnəbi rəssamların çəkdiyi rəsm əsərlərində uzaqdan görünən minarələr də İrəvanın müsəlman şəhəri olmasını təsdiqləyir.
Tarixçi-alim deyib ki, 1828-ci il “Türkmənçay” sülh müqaviləsindən sonra general Paskeviç İrəvan xanlığının ərazisinə 80 min kazakın köçürülməsi təşəbbüsünü irəli sürüb. Lakin o dövrdə vəziyyətdən istifadə edən ermənilər bunun qarşısını alıblar. Nəticədə regiona 120 mindən çox erməni köçürülüb ki, onlardan da 60 mini İrəvan quberniyasında məskunlaşdırılıb.
N.Mustafa deyib ki, İrəvan quberniyasında 1902-ci ildə mövcud olan 310-a yaxın məscid Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir-birinin ardınca dağıdılıb. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilib, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilib. Hazırda Göy məscid İranın Ermənistandakı mədəniyyət mərkəzinə icarəyə verilib. Dəmirbulaq məscidi isə 1988-ci ildən sonra tamamilə dağıdılıb, onun yerində çoxmərtəbəli bina ucaldılıb.
N.Mustafa söyləyib ki, erməni şovinist-millətçiləri İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən siliblər. Alimin sözlərinə görə, 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə azərbaycanlılara məxsus bütün tarixi-memarlıq abidələri bir-birinin ardınca məqsədli şəkildə məhv edilib ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: