Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əhalisi zaman-zaman erməni zülmü ilə üzləşib deportasiyaya məruz qalan, ərazisi isə “erməniləşdirilən” Axta rayonu haqqında süjet hazırlanıb.
“Kotayk vilayətinə birləşdirilən oğuz-türk yurdu” adlı süjetdə Ermənistan adlandırılan süni dövlətin məqsədyönlü siyasətinin həmişə qədim yaşayış məskənlərinin adını dəyişdirməklə izini itirmək, etnik tərkibi oğuz türklərindən ibarət olan əraziləri ələ keçirmək olduğu, hayların bu məqsədlə daim soyqırımlar törətdiyi, insanları yerindən-yurdundan didərgin saldığı qeyd olunur.
Bildirilir ki, Qərbi Azərbaycanın tarixi yaşayış məskəni olan Axta rayonu Ermənistan SSR-də və indiki Ermənistanda inzibati ərazi vahidi olub. Bu rayon 1930-cu il sentybarın 30-da yaradılıb və 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kvadrat kilometrdir olan rayonun mərkəzi Aşağı Axta şəhəri sayılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 kilometrdir. Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay, dəyişdirilmiş adı isə Marmarik olan çay axır.
Vurğulanıb ki, bütün tarixi mənbələrdə Axta rayonuna ermənilərin İran və Türkiyədən köçürüldüyü göstərilir:
“Məhz bunun nəticəsində azərbaycanlıların sayı get-gedə azalıb. XX əsrin əvəllərində, 1905-1906-cı ildə baş verən erməni-azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulublar. İndi bu ərazidə yalnız ermənilər yaşayırlar. Burada 1897-ci ildə 119 nəfər azərbaycanlı türk yaşayıb. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar kənddən qovulub və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilib. 1926-cı ildə kənddə cəmi üç azərbaycanlı yaşasa da sonra onlar qovulublar və Yuxarı Axta kəndi tam rayon mərkəzi ilə birləşdirilib. Nəhayət, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə rayonun adı dəyişdirilib Razdan qoyulub. Tarixi oğuz yurdunun adının itirilməsi prosesi bununla kifayətlənməyib. Belə ki, Axta rayonu üzrə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 18 tarixi yer adı dəyişdirilib”.
Süjetin sonunda diqqətə çatdırılıb ki, bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi:
“Ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycanın əzəli və əbədi torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq. İnanırıq ki, daim maddi və mənəvi terrora məruz qalan Qərbi azərbaycanlılar doğma yurd-yuvalarının sahibi olacaq, indiki Ermənistan ərazisində itirilmiş hüquqlarını bərpa edəcəklər. Çünki, bu, zamanın tələbidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: