• Ç. Noy 27th, 2024

Qərbi azərbaycanlıların qayıdışı: “Beynəlxalq hüquqi aspektlər araşdırılmalıdır” – RƏY + FOTO

ByYenigun.news

Sen 25, 2023


“Müasir Azərbaycan tarixində Qarabağ məsələsinin həlli önəmli idi. Azərbaycan bu istiqamətdə hədəflərinə nail oldu. Düşünürəm ki, bütövlükdə Azərbaycan tarixinə baxdıqda indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası məsələsi də ölkəmiz üçün önəmlidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

“Azərbaycan xalqına qarşı etnik təmizləmə aparılıb. Torpaqlarımızın işğalı, zorla köçə məcbur etməyə və soyqırımlarına siyasi və hüquqi qiymət verilib. Gələcəkdə bu kimi hadisələrin təkrar baş verməməsi üçün Azərbaycan mühüm addımlar atır”, – deyə millət vəkili əlavə edib.

O xatırladıb ki, Qərbi Azərbaycan İcmasının qarşılaşdığı bu haqsızlıqlara məhz ulu öndər Heydər Əliyev ilk dəfə siyasi-hüquqi qiymət verib.

“Ulu öndərin 1997-ci il dekabrın 18-də verdiyi Fərman böyük əhəmiyyət kəsb edirdi. Ölkədaxili qanunvericiliyimizdə Qərbi Azərbaycan İcmasının geri qayıtmaq hüququ təsbit edilib.

Qarabağın işğaldan tamamilə azad edilməsi ilə Azərbaycanın öz ərazi suverenliyini bərpa edir. Bu, indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində yeni bir mərhələnin başlanğıcını qoyur”, – Nurlan Həsənov belə deyir. 

Deputat düşünür ki, Azərbaycan diplomatiyası, həmçinin, bu istiqamətdə daha aktiv fəaliyyətə başlayacaq.

Çünki beynəlxalq hüquq çərçivəsində bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı hüquqi aspektlərin araşdırılmasına böyük ehtiyac var.

“Milli qanunvericiliyimizdə olduğu kimi, beynəlxalq hüquq sistemində də bugünkü Ermənistan torpaqlarından qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi işinin təşkil olunması lazımdır. Hüquqi bazanın gücləndirilməsi, Ermənistanın BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normaları çərçivəsində öz öhdəliklərinə əməl etməsinin təmin olunması həyati əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan həm diplomatiya, həm də hərbi sahədə Ermənistana, onun havadarlarına və separatçılara böyük bir dərs keçib.

Əminəm ki, yaxın gələcəkdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə indiki Ermənistan ərazisindən qovulmuş vətəndaşlarının təhlükəsiz şəkildə, sülh yolu ilə geriyə qayıdışını təmin ediləcək. İrəvan şəhərində, Zəngəzurda, Göyçə mahalında məqsədyönlü şəkildə dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası təmin olunacaq”, – deyə deputat fikrini yekunlaşdırıb.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir