Qarabağda yaşananlarla bağlı Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) son toplantısını Ermənistan və onun havadarlarının növbəti fiaskosu adlandırmaq olar. Erməni cəmiyyəti də sosial şəbəkələrdə bu qənaəti daha çox bölüşür.
Onların gəldiyi qənaət təxminən belədir – Bir ay əvvəl olduğu kimi, yenə də yığışdılar və ümumi çıxışlarla məhdudlaşdılar. Yenə də Bakıya qarşı hansısa bir qərarın, qətnamənin qəbulu baş vermədi. Yalnız Paşinyanın tərəfdarları iddia etməyə başladılar ki, bu iclas onlara kimin dost və kimin düşmən olduğunu göstərdi…
Bununla belə, ötən gecə TŞ-də keçirilən müzakirələri Ermənistan və onun havadarlarının növbəti Azərbaycanofob, ayrı-seçkilik, qərəz və ikili yanaşması kimi də qiymətləndirmək mümkündür. Belə ki, orada Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində apardığı antiterror tədbirlərinə qərəzli yanaşmaların şahidi olduq. Bu tədbirlərin nə üçün keçirildiyinə isə qərb dairələrinin heç bir təmsilçisi toxunmadı. Mina terroru nəticəsində həlak olan azərbaycanlılar diqqətdən kənarda saxlanıldılar. Düzdür, bu toplantı ilə bağlı ən önəmli məqam odur ki, əksər dövlətlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ifadəsindən istifadə etdilər. Yəni artıq beynəlxalq birlik də “status” ifadəsinin tarixə qovuşduğunu deyir. Bununla belə, orada hər hansı bir qərar və ya qətnamənin qəbul olunmamasına baxmayaraq, toplantı xristian təəssübkeşliyi, Azərbaycanofob və ermənipərəst çıxışların səsləndiyi növbəti iclas kimi yadda qaldı.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tutarlı faktlar və arqumentlərlə BMT tribunasından erməni yalanlarını ifşa etdi. Lakin erməni lobbisinin təsiri altında olan dövlətləri öz maraqlarından döndərmək mümkün olmadı.
Ceyhun Bayramov rəsmi İrəvanın quruma növbəti müraciətinin BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulduğunu, qurumun növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin isə tamamilə qəbuledilməz olduğunu deyib. O, Azərbaycanla bağlı bu müzakirələrin BMT kimi mötəbər bir qurumun nüfuz və etibarına ciddi zərbə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, əslində, TŞ Azərbaycanın Qarabağ regionunun erməniəsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda ərazidə antiterror tədbirləri dayandırılmışdı. Onun sözlərinə görə, bununla da Azərbaycanın Qarabağ regionunun erməniəsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranıb.
Bu arada, qeyd edək ki, Azərbaycanın Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxsi Ramin Məmmədovun erməni sakinlərin təmsilçisi ilə Yevlax şəhərində artıq görüşü də baş tutub.
Amma Fransa, Almaniya və digər qərb təşkilatları bütün bunları görməzdən gəldilər.
İclasda Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri tənqid edərək bunu “təcavüz” adlandırması isə Fransanın ikiüzlülüyü və riyakarlığını bir daha ortaya qoymuş oldu. Rusiyanın onu Afrikadakı keçmiş müstəmləkələrindən sıxışdırıb çıxarması ilə barışmayan Fransanın qisas almağa çalışdığı bəllidir. Bu qisası isə Ermənistan üzərindən həyata keçirir, başqa sözlə, İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Bu mənada, Fransanın hər vəchlə Paşinyanı Rusiyaya qarşı yönəltməyə, onu Kremlə qarşı sərt bəyanatlar səsləndirməyə sövq etməsi heç də təsadüf sayıla bilməz.
Təəssüflə qeyd etmək lazımdır ki, Fransa ilə yanaşı, Almaniya da faktları araşdırmadan ermənipərəst mövqe ortaya qoyub. Son illər islamofobiya və irqçi əhvali-ruhiyyənin artdığı Almaniya qərəzli mövqe sərgiləyir. Neonasizmin tüğyan etdiyi ölkə daxili problemləri həll etmək əvəzinə, Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş torpaqlarında həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməyə üstünlük verib. TŞ-də Almaniya XİN rəhbərinin Annalena Berbok Qarabağdakı terrorçular haqda bir cümlə belə səsləndirməməsi qərəzin və ikili yanaşmanın təzahürü idi. Eyni zamanda, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycanın ünvanına bir sıra ittihamlarına gəldikdə, onun Qarabağ mövzusunda çıxışları Fransa rəsmilərinin mövqeyindən fərqlənmədi və sanki əlaqələndirilmiş şəkildə idi.
Bu qənaətə gəlmək olar ki, həm Borreli, həm də Fransa və Almaniyanı Qarabağdakı ermənilərdən daha çox, İrəvanda Nikol Paşinyanın aqibəti narahat edir. Hesab edirlər ki, Qarabağdakı iflas baş nazirin nüfuzuna ciddi zərbə vurub. Bir sözlə, İrəvan küçələrində yaşanan xaos və anarxiya onun Avropadakı himayədarlarını narahat etməyə başlayıb. Elə Azərbaycanı ittiham etmələrinin əsas məqsədi də məhz budur, yəni Paşinyanı bu yolla qorumağa çalışırlar.
Borrel Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərindən danışmadan əvvəl Prezident İlham Əliyevin müraciəti, Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxdakı görüşlə bağlı xəbərlərlə tanış olmalı idi. Çox güman ki, məlumatlıdır, sadəcə, bu barədə danışmaq sərf etməyib. 30 il bundan öncə azərbaycanlılar silah gücünə, zorla, vəhşi üsullarla doğma evlərindən qovulanda nədənsə Borrelin təmsil etdiyi qurumun səsini eşitmədik. Beynəlxalq axtarışda olan erməni terrorçular o vaxt azərbaycanlılara qarşı soyqırımı həyata keçirəndə nə Fransadan, nə də Almaniyadan narahatlıq ifadə edən bəyanatlar səslənirdi.
Beləliklə, yaşananlar bir daha təsdiq edir ki, qərb xristian təəssübkeşliyi, səlibçi psixologiyası ilə proseslərə yanaşır. Maraqlıdır ki, Ermənistanın baş naziri Qarabağda ermənilərin həyatına təhlükə olmadığını bəyan etdiyi halda, Aİ və ayrı-ayrılıqda burada əsas rolda olan ölkələr Azərbaycan əleyhinə əsassız ittihamlar və iftiralar səsləndirirlər.
“Report” İnformasiya Agentliyi