Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ciddi addımlar atılır. Artıq işğaldan azad edilən dörd kəndin geri qaytarılması və bu istiqamətdə delimitasiya proseslərinin yekunlaşdığını söyləyə bilərik. Belə ki, bu həftə iki ölkənin müvafiq komissiyaları arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb. Bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsi əsas götürülüb. Əldə edilmiş razılaşmalara əsasən, yaxın günlərdə Azərbaycan və Ermənistan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcəklər.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Yeni reallıqlar qəbul edilir
Xüsusi qeyd edilməlidir ki, bir müddət əvvəl başlayan məlum proses məhz ikitərəfli danışıqlar formatında aparılan müzakirələrin nəticəsidir. Son bir neçə ildə sərhədlərin müəyyənləşdirilməsini ləngidən, bölgədəki gərginliyi saxlamağa hesablanan planlar artıq işləmir. Səbəb isə məlumdur. Azərbaycanın 44 günlük müharibə və antiterror tədbirlərindən sonra yaratdığı reallıqlar artıq qəbul edilir. Ən başlıcası isə – Ermənistan tərəfindən.
Revanşistlərin pozulan oyunu
Ermənistanda revanşist qüvvələr Bakı ilə İrəvan arasındakı hər anlaşmanı fürsətə çevirərək siyasi gərginlik yaratmaq, prosesi pozmaq və hərbi əməliyyatların yenidən başlamasına rəvac verməyə çalışırlar. Lakin Ermənistan əhalisinin 44 günün yaratdığı reallıqları dərk etməyə başlaması bu təxribatları nəticəsiz qoyur. Baş nazir Nikol Paşinyan hər fürsətdə Bakı ilə delimitasiya məsələsində başlanğıc rolunu oynaya biləcək bu anlaşmaya qol qoyulmayacağı təqdirdə yeni müharibə ehtimalını açıq şəkildə bəyan edirdi. Görünən odur ki, rəsmi İrəvan sülhə gedən yolda maneələri aradan qaldırmaq əvəzinə, onları daha da çətinləşdirmək siyasətinin sonunun uçurum olduğunu görməkdədir.
Sirr deyil ki, Nikol Paşinyanın indi sərgilədiyi mövqe onu hakimiyyətə gətirənlərlə razılaşdırılmadan ortaya qoyula bilməz. Maraqlı məqam odur ki, bir müddət əvvələ qədər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən Fransa, ABŞ və onların planlarına xidmət edən bir sıra beynəlxalq təşkilatlar artıq dörd kəndin geri qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi reallığı ilə barışıblar.
Bir gündə iki tarixi hadisə
Proseslərin axarına və qəbul edilən qərarların ardıcıllığına nəzər salsaq, əslində burada təəccüblü görünə biləcək məqamların olmadığı qənaətinə gəlmək mümkündür. Bakının bölgədə əsas söz sahibi olması və özünün yaratdığı reallıqlarla yanaşı, tarixi gerçəklikləri də gözardı etməməsi, siyasətini praqmatizmə əsaslanan bərabərhüquqluluq, uzlaşma və qarşılıqlı hörmətə əsaslanaraq qurması bütün daşların öz yerinə oturmasına təkan verir. Söhbət rus sülhməramlılarının artıq Azərbaycanın suveren ərazilərini birdəfəlik və qarşılıqlı anlaşma şəraitində tərk etməsindən gedir. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhəd protokolunun imzalanması ilə eyni gündə Xocalıda rus sülhməramlılarının ölkəmizi tərk etməsi ilə bağlı tədbir təşkil olundu. Xatırladaq ki, sülhməramlıların gedişi ilə bağlı razılıq iki ölkənin liderləri arasında qəbul edilmiş birgə qərara əsaslanır. Bu addım Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda yox, əksinə, Moskva ilə Bakının əməkdaşlığının genişlənməsi fonunda yaşanır. Rusiya sərhədçiləri Ermənistan ərazisində də Azərbaycanla sərhəddəki bəzi bölgələrdən çıxır. Bu qərar da iki dövlətin rəhbərliyinin ortaq mövqeyi ilə əsaslandırılır. Lakin hər iki hal müqayisə edildikdə vəziyyətin tamamilə fərqli olduğunu görürük. Ermənistan rəsmən Rusiyanın hərbi müttəfiqi olsa da, indi aparılan siyasət Moskvadan uzaqlaşma və onun maraqlarına zərbə vurmaq məqsədinə hesablanıb. İrəvanın Kremllə əlaqələrinin gündən-günə pisləşməsi heç kimə sirr deyil.
Qərbdəkilərin dəyişən planları
Sülhməramlıların gedişinə dair Moskvanın mövqeyi Qərbdəki bəzi dairələrin də Cənubi Qafqazla bağlı planlarında korrektələrə rəvac verib. Vaxtilə Moskva-Bakı münasibətlərində əngəl kimi görünən sülhməramlı faktoru ortadan qalxdığı üçün Cənubi Qafqazda təxribatçı planları pozulanlar bir həqiqəti gördülər. Dünyanın az qala yarısı ilə düşmən olan Rusiya Azərbaycan dövlətinin milli maraqlarını nəzərə alır, onun suveren hüquqlarına hörmətlə yanaşır. Təbii ki, Kremlin beynəlxalq tərəzinin tərəflərini alt-üst edən davranışları fonunda Moskvanın belə bir mövqe sərgiləməsini şərtləndirən başlıca amil Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin yürütdüyü siyasət, Bakının artan beynəlxalq nüfuzudur.
Hər şey İrəvanın iradəsindən asılıdır
Bu, həm də o anlama gəlir ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesində öz maraqlarını təmin etməyə, həmçinin beynəlxalq hüquqa əsaslanan prinsiplər üzrə sülh sazişi imzalamağa, sərhədlərin demarkasiyasına hazırdır. Təbii ki, söhbət vasitəçisiz, kənar müdaxilə olmadan ikitərəfli danışıqlar formatından gedir. Əgər İrəvan dörd kəndlə bağlı sərgilədiyi mövqeyi sona qədər qoruyub saxlamağı bacararsa, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı proses bir o qədər tez və problemsiz başa çatacaq. Yəni hər şey İrəvanın təsir altına düşmədən üzərinə götürdüyü öhdəlikləri sona qədər yerinə yetirməsi iradəsindən asılıdır.