• Şb. Noy 2nd, 2024

Qanlı Yanvar şəhidinin bacısı: “Yaralıları daşıyanda gülləyə tuş gəlib, başına silahla zərbə endirilib” – FOTO

ByYenigun.news

Yan 21, 2023

“Yanvarın 19-u gecə anam evdə xəstə yatırdı, atam isə işdəydi. Elçinin də dişi şişmişdi. Özünü yaxşı hiss etmirdi. Bu səbəbdən evdə qalmışdı. İş başında deyildi. Evdə anama baxırdı. Birdən atışma səsi eşidir, küçəyə çıxır. Məsələdən xəbər tutub, anama deyir ki, “gülləbarandır, gedirəm kömək etməyə, atam gələnə qədər qayıdacağam”.

Bu sözləri Oxu.Az-a müsahibəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanları bahasına Azərbaycan xalqının azadlıq mübarizəsini aparan şəhidlərimizdən biri olan Elçin Baxşəliyevin bacısı Gülnarə Hüseynova deyib.

Gülnar xanım xəstə olduğu üçün qardaşının ölümünün ondan gizlədildiyini söyləyib:

“1990-cı il yanvarın 1-də oğlum oldu. Vəziyyətim yaxşı deyildi. Elçin mən xəstəxanadan çıxan gün gəlib uşağa baxdı, dedi ki, “Gülnarə, uşaq necə də mənə oxşayır”. Həqiqətən də, oğlum ona çox bənzəyir. Daha sonra soruşdu ki, adını nə qoyacaqsınız? Dedi ki, problem olmayacaqsa, adını mənim adıma uyğun qoyun. Bir neçə ad saydım, razı olmadı, sonra dedi ki, adını Kamran qoya bilərsiniz. O vaxt “Çalıquşu” serialını göstərirdilər. Çox sevirdi. Dedi, adını Kamran qoyaq, bir də Fəridə adlı qız taparıq, bunlar olarlar “Çalıquşu”. Dedim ki, yaxşı. Sonuncu dəfə qardaşımı yanvarın 17-də gördüm.

Həmin günlər çox ağır idi. Elçinin ölümündən onun üç mərasimi günü xəbər tutdum. Atam-anam məndən gizlədiblər. Düşünüblər ki, oğlumuz əlimizdən getdi, qızımıza nəsə olmasın. Mən hələ qardaşımdan xəbərsiz idim. Lakin ölənlərin olduğunu bildim. Qonşulara da dedim ki, mərasimlərində iştirak edəcəyəm. Göz yaşım dayanmırdı. İçimdə narahatlıq var idi. Hiss edirdim ki, qardaşıma nə isə olub. Onun ölüsünü görmədiyim üçün hələ də yoxluğuna inanmıram”.

Gülnarə Hüseynova deyir ki, qardaşını atası morqlarda axtarıb:

“Deyilənə görə, həmin vaxt atamın dostu Elçini görüb. Deyib ki, “sən atanın yeganə oğlusan”. Elçin bildirib ki, “Mamed dayı, mən gülləyə gələn deyiləm. Burada ölənlər tək deyillərmi?! Hamısı bir ananın balalarıdır”. Qardaşım yaralılara yardım edib. Altı yaralını daşıyıb, daha birinə yardım edəndə gülləyə tuş gəlib. Elçinə bir neçə güllə atılıb. Onun baş barmağına belə, güllə atıblar. Başına silahla zərbə endirilib.

Qardaşımın 24 yaşı var idi. Onu nişanlamaq istəyirdik. Üzük də alınmışdı. Mənim vəziyyətim yaxşı deyildi. Anamgil sağalmağımı gözləyirdilər. Qızın adı Fəridə idi. Lakin qismət olmadı, arzuları ürəklərində qaldı”.

Müsahibimiz anası və qardaşının üç gün ərzində yanına gəlmədiklərindən şübhələndiyini söyləyib:

“Üç gün olardı ki, yanıma gəlmirdilər. Qohumumuz zəng vurub məni soruşanda dedim, anamla qardaşım yanıma niyə gəlmirlər? Nənəmin xəstə olduğunu dedi. Dedim, ola bilməz. Mən hiss edirəm ki, uşaqlarımızdan kiməsə nəsə olub.  

Qardaşımın qırx mərasimindən sonra yolda bir oğlan gördüm. Elçinin yerişinə oxşatdım, yanına qaçdım. Daha sonra üzrxahlıq etdim”.

Gülnarə xanım deyir ki, oğluna qardaşının istədiyi kimi, Kamran deyil, elə Elçin adını qoyublar:

“Atamla anam oğlumun adını Elçin qoydular, öz adlarına keçirdilər. Dayısının adını daşıdığı üçün qürur duyur. Ona qardaşım kimi baxıram, “qardaşım” deyirəm”.

G.Hüseynova qardaşının dəfn mərasimində qəribə hal yaşandığını qeyd edir:

“Elçinin dəfn mərasimində göydə quşlar toplaşıb, cəh-cəh vurublar. Qırx mərasimində də eyni hal təkrarlanıb.

Çox ağır dərddir. Hər il o günləri sanki yenidən yaşayıram. Heç kəs sovet ordusunun belə hadisə törədəcəyinə inanmırdı. Bir neçə gün öncədən vəziyyətin gərgin olduğunu sezirdik. Lakin heç kəs inanmırdı ki, sovet ordusu başımıza bu müsibəti gətirər.

44 günlük haqq savaşı da məni sarsıtdı. Balalarımız üçün dua edirdim. Əmimin nəvəsi 44 günlük Vətən müharibəsində Murovdağda itkin düşmüşdü, daha sonra şəhid xəbəri gəldi”.

Qardaşının ən çətin vaxtlarında yuxularına gəldiyini söyləyir:

“Yuxularımda Elçini çox tez-tez görürəm. Bir dəfə anam xəstəxanada olanda yuxuma gəldi. Xəstəxanaya getdim. Bir qədər də gec getsəydim, anamı itirəcəkdik. Elçini hər zaman yuxularımda salamat görürəm. Çünki ölüsünü görməmişəm. Qardaşımı yuxuda görəndə çox xoşbəxt oluram. Yuxuma da xeyirə gəlir”.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir