“Xankəndidə yaradılan universitet Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, regionun intellektual potensialının yenidən yüksəldilməsinə, insan kapitalının inkişaf etdirilməsinə təkan verəcək”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev deyib.
Deputat xatırladıb ki, Xankəndidə işğaldan öncə Azərbaycan Pedaqoji İnstitutunun filialı fəaliyyət göstərib:
“Hətta mənim atam da 1975-80-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda tarix fakültəsini bitirib. Qarabağ, ümumiyyətlə, Azərbaycanın həyatında böyük mütəfəkkirləri, alimləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri yetişdirib, xalqımızın tarixinə, ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə, musiqişünaslığına böyük töhfə verib. Ona görə, Qarabağ Universitetinin yaradılmasıyla bu ənənələrimiz yenidən bərpa ediləcək, Ermənistan tərəfindən az qala məhv edilmiş bu irsimiz yenidən çiçəklənəcək, inkişaf edəcək.
Biz ölkə rəhbərliyi tərəfindən Qarabağda infrastrukturun qurulmasına, şəhərlərin, qəsəbələrin tikilməsinə, eyni zamanda elmi-intellektual potensialımızın bərpa edilməsinə ciddi diqqət edildiyinin şahidi oluruq. Bütün bu addımlarla dünyaya sübut edirik ki, torpaqlarımızın sahibiyik, orada bütün sahələrdə tərəqqini təmin edə bilərik. Söhbət Qarabağda təkcə gözəl binaların, infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Bütün bunlarla yanaşı insan kapitalının bərpasına fikir veririk ki, burada dayanıqlı, təməli möhkəm gələcəyimiz olsun. Bu torpaqların sahibi bizik”.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Aysel Aslan