Azərbaycan dünyada tarixi, dədə-baba torpaqları bir neçə dövlətin ərazisi sayılan tək-tük ölkələrdəndir. Heç şübhəsiz, parçalanmanın başında, ilk növbədə, işğal faktoru dayanır. Çar Rusiyası, onun ardınca Sovet İttifaqı Cənubi Qafqaza, Azərbaycana soxulandan sonra Azərbaycan türklərinin və torpaqlarının faciəsi başlayıb. 200 ildən artıq tarixə malik olan bu işğalçı siyasət və fəaliyyət nəticəsində milyonlarla azərbaycanlı öz yurdundan didərgin düşüb, yurdları dağıdılıb. Azərbaycan ictimaiyyəti tarixən baş verən bu faciəni son 34 ildə, 1988-ci ildən bəri yaşayıb, şahidi olub. Qarabağ və ətraf rayonların işğaldan azad olunması heç vaxt unudulmayan bu tarixi həqiqətləri bir daha yada saldı.
Azərbaycan işğaldan azad etdiyi torpaqlarında quruculuq işləri aparır. Bununla beynəlxalq ictimaiyyətə tarixi və mövcud reallıqlar da çatdırılır. Bu yaxınlarda Rusiya rəsmilərindən biri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın ən doğru xəritəsinin onların əlində olduğunu bildirmişdi. Belə xəritələrin regionda marağı olan başqa dövlətlərdə də olduğu istisna edilmir. Hətta Fransada belə, regionun xəritəsi var. Həmin tarixi xəritədə Azərbaycanın torpaqları aydın göstərilir. Çünki bu torpaqlar üzərində Ermənistan və s. yaradılıb. Qafqazda Ermənistanın başqalarının regionda alət kimi istifadə edilmək üçün qurulduğu da sirr deyil. Bu proses hazırda dünyanın müxtəlif bölgələrində yaradılan süni dövlətlərin qurulması ilə eyniyyət təşkil edir. Çünki bu istiqamətdə metod və texnologiya oxşardır.
Dünyada torpaqlarından çıxarılan insanların geri dönüşü prosesi də baş verir. Keçmiş SSRİ ərazisində Krım yarımadasından, Gürcüstandan sürgün edilən Ahıska türklərinin repatriasiyası ilə bağlı qəbul edilən, təəssüf ki, hələ də tam həyata keçməyən qərarı örnək göstərmək olar. Yeri gəlmişkən, repatriasiya latınca “repatriate” olub, vətənə qayıtma, əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü, yaxud məcburi şəkildə öz sahibinə, vətəndaşlığı olduğu ölkəsinə qayıtmasıdır. İnsan repatriasiyası könüllü və məcburi olur. Beynəlxalq ictimaiyyət II Dünya müharibəsindən, sovetlər dağılandan sonra bu prosesin şahidi olub. Odur ki, beynəlxalq hüquq, qanun və BMT-nin bu istiqamətdə qəbul etdiyi sənədlərlə Azərbaycan türklərinin indi Ermənistan adlanan tarixi torpaqlarına repatriasiya olunmaq hüququ var.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq deyib:
“Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış icma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə qərbi azərbaycanlıların hüquqlarından danışmaq, bəlkə də, vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”.
Dövlət başçısı Ermənistanda etnik təmizləməyə işarə edərək bildirib ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır:
“Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək… Çünki bu gün bizim məkanda, ümumiyyətlə Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.
Torpaqlar işğaldan azad edildikdən sonra dünya və yerli ictimaiyyət çox acınacaqlı mənzərənin şahidi oldu. Kəndlərdə və şəhərlərdə daş daş üstə qalmamışdı. Tikililər dağıdılmış, qarət edilmiş və yaşayış məskənləri boş qalmışdı. Elə Ermənistanda da oxşar mənzərə yaranıb. Azərbaycanlılar öz yurdlarından məcburi çıxarıldıqdan sonra həmin ərazilər boş qalıb. Dövlət başçısı çıxışında deyib ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Prezident torpaqların birləşməsinin Azərbaycan cəmiyyətini birləşdirdiyini də vurğulayıb:
“Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik”.
Qərbi Azərbaycanla Qarabağın taleyində oxşarlıq var. Qarabağ işğaldan təmizlənib. Oraya Azərbaycan tamamilə nəzarət edir. Bölgələrin sakinləri tədricən öz yurdlarına qayıdırlar. Prezident çıxışında Laçın-Xankəndi yolunda keçirilən aksiyaya da münasibət bildirib:
“Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”.
Dövlət başçısı İran tərəfinin qanunsuz fəaliyyətinə də işarə edib:
“Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”.
Prezident aksiya ətrafında Ermənistan və onun havadarlarının yalan təbliğatına qarşı bildirib ki, orada blokadadan söhbət gedə bilməz və sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib. Dövlət başçısı Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayıb:
“Bizim tələblərimiz tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Beləliklə, Prezident İlham Əliyev KİV nümayəndələrinə müsahibəsində Azərbaycanın keçmiş SSRİ dövründə işğal edilmiş iki bölgəsindən bəhs edib. Prezidentin çıxışına əsasən demək olar ki, Qarabağın işğaldan azad olunması, bölgəyə nəzarət Qərbi Azərbaycana qayıdışın reallaşacağına inamı artırır.
“Report” İnformasiya Agentliyi