Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində hərbi məzmunlu hərəkətlilik davam etməkdədir.
Erməni separatçılar Rusiya sülhməramlı kontingenti vasitəsilə status-kvonu rəsmiləşdirmək məqsədilə dəstək axtarışındadırlar.
Ancaq separatçılar Ermənistan da daxil olmaqla xarici havadarların köməyindən məhrum olurlar, çünki regional və qlobal oyunçular Azərbaycanın artan strateji əhəmiyyətini nəzərə alaraq ona qarşı fəaliyyətdən çəkinirlər.
Bu çəkingənlik hələ o anlama gəlmir ki, separatçılar vasitəsilə Azərbaycana qarşı planlar masadan tamamilə qalxıb.
Buna görə də açıq qalan məsələlər həll olunmadıqca erməni kartının regional təsirləri barədə təhlükəli mövqelərin praktiki tərəfləri təzahür edəcək.
Azərbaycan isə regionu təsvir etdiyi formaya salmaq, ona təhdidləri aradan qaldıracaq məzmun vermək istiqamətindəki planlarında inadkardır.
Qətiyyətin xarakterini göstərmək üçün isə dili sərtləşdirmək zərurətləri yaranır. Xüsusilə separatçıların aktivləşdikləri bir zamanda hərbi əməliyyatlarla həll yolu çağırışı aktuallaşır.
Azərbaycan informasiya məkanında “Qisas-3” əməliyyatının keçiriləcəyi barədə məlumatların dövriyyədə qalması həmin planın icrasına hazırlıqla bağlı mərhələdən xəbər verir.
Güc tətbiqi ilə əlaqədar məlumatlar özlərinin xarici siyasətində separatçıları bədnam, kölgəli alət edən dövlətlərə qarşı ciddi xəbərdarlıqdır.
Rusiya
Rusiya 200 illik imperiya siyasətini təmin etməkdən ötrü qurdlarını öldürməyə çalışır, lakin Ukraynadakı hərbi-taktiki uğursuzluqlardan dolayı Cənubi Qafqaz regionu üzrə də problemlərlə qarşılaşır.
ABŞ üçün Rusiyanın düşdüyü boşluqlar bol fürsətdir, indi Vaşinqton maksimal şəkildə Azərbaycan-Ermənistan gündəliyinə təsir etmək üçün alternativlər axtarır.
ABŞ artıq rıçaqlar əldə edib, Azərbaycan-Ermənistan danışıqlarının aktiv vasitəçisinə çevrilərək səhmlərini artırır, hərçənd, hələ də yekun sülhdən danışmaq tezdir.
ABŞ-nin çək-çeviri Rusiya üçün siqnaldır, ona görə də Moskva regionda mövcudiyyətini xatırlatmaq üçün gah separatçılığı canlandırmağa cəhd göstərir (müəyyən həddə qədər), gah da Azərbaycan-Ermənistan sərhədi boyunca ritorikanı qızışdırmağa davam edir.
ABŞ
Vaşinqton da Rusiya təsirlərinin artdığı zamanda sülh proqramı ilə bağlı fərqli səslər çıxarmağa meyil edir, erməni amilini qabardır.
Həmin məqamda ABŞ küncə sıxılmış Ermənistanın revanşist ideallarına qaz verəcək ideyaları dövriyyəyə salır.
Ancaq nə ABŞ, nə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü böyük miqyasda təhlükə altında saxlayacaq variantları üstün tutur, burada ən vacib faktorlardan biri də Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin balanslaşdırıcı amil olmasıdır.
Avropa İttifaqı
Aİ sülh gündəliyi üzrə hərəkətlərini məxfiliklə pərdələmir, daha etibarlı və praqmatik platforma kimi qiymət qazanır. Aİ Azərbaycan üçün Rusiya-ABŞ arasındakı gizli qarşıdurmanı tarazlaşdıran platformadır və etiraf etmək lazımdır ki, Ermənistanın sıxışdırılmasında pay sahibliyinə malikdir.
Ümumilikdə isə hər üç platformanın (ABŞ, Rusiya, Aİ) tərəzilərinin gözlərində Azərbaycanla Ermənistana dəstək arasında bərabərlik işarəsi qoyulmur və Bakının gündəliyi ağırlıq təşkil edir.
Azərbaycanın maksimalist mövqelərə doğru irəliləyişi, Ermənistana qarşı açıq-gizli tövrlər İrəvanın Qarabağla bağlı separatçılığı diriltmək səylərini puç edir.
Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanın “Azərbaycan “Qisas-3” əməliyyatına başlayacaq” kimi iddiaları fonunda Qarabağda yaşayan ermənilərə müraciət etməsi mətləbləri açır.
Birincisi: Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb (ehtimal ki, Paşinyan ona başqa yol qalmadığını bildirib.
İkincisi: Arutyunyan ermənilərə hədələyici tonda “ya Qarabağı tərk edin, ya da burada qalın” tipində mesaj verməklə Azərbaycanın mümkün antiterror əməliyyatlarına görə məsuliyyəti üzərindən tullamağa çalışır.
Hər bir halda, Azərbaycanın genişmiqyaslı antiterror əməliyyatlarına başlaması üçün həm beynəlxalq zəmin, həm də regional ölçülər imkanlar yaradır. Azərbaycan, yəqin ki, oyunçuların uc nöqtələrində dayanan ziddiyyətli məqamların bir nöqtə ətrafında müvəqqəti də olsa cövlan etməsi üçün danışıqlar aparıb antiterror tədbirlərini tətbiq edəcək.
Aqşin Kərimov