“Qarabağın erməni sakinlərinin təmsilçilərinin Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının səlahiyyətli nümayəndələri ilə Yevlax şəhərində baş tutan görüşü və görüş zamanı müzakirə predmeti olan məsələlər, bütövlükdə müsbət amil kimi qiymətləndirilə bilər”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, konstruktiv və müsbət atmosferdə keçdiyi bildirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparılması prosesin rasional və nəticəyönümlü xarakter daşıdığını söyləməyə əsas verir:
“Önəmli olan məqamlardan biri Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının reinteqrasiya üzrə planlarının erməni icmasının təmsilçilərərinə təqdim olunmasıdır ki, bu da tezliklə keçiriləcəyi bildirilən növbəti görüşdə müzakirələrin konkret istiqamətlər üzərində aparılmasına və reinteqrasiyanın sürətləndirilməsinə əlverişli zəmin yaradacaq.
Digər önəmli məqam, şübhəsiz ki, lokal antiterror tədbirlərinin yekunu olaraq, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında yer alan məsələlərin tez bir zamanda öz əksini tapması ilə bağlıdır. Ərazidəki qanunsuz hərbi birləşmələrin tamamilə tərksilah edilmələri, bölgənin hərbisizlişdirilməsi həm təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, həm də etimad mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir”.
Deputat onu da vurğulayıb ki, görüş zamanı Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildirmələri də müsbət məqam kimi dəyərləndirilə bilər:
“Bu, həm də Qarabağın erməni sakinlərinin qarşılaşdığı problemlərin Azərbaycanın daxili işi olduğunu ifadə edir və onu söyləməyə əsas verir ki, separatçıların, hərbi xuntanın, eləcə də bölgədə nüfuz savaşına çıxan bəzi dairələrin apardıqları təbliğat boşa çıxıb və Azərbaycanın erməniəsilli sakinləri öz problemlərinin həllinin yolunu ölkəmizin mərkəzi hakimiyyət orqanlarında olduğunu anlaya biliblər”.
Aysel Aslan