Ötən gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə qarşılıqlı əməkdaşlıq sənədlərinin imzalanması mərasimi olub.
Son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərməkdədir.
Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib:“Azərbaycan və Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhfə verən ölkələrdəndir. Ötən il hər iki ölkə üzərindən daşınan yüklərin həcmində artım qeyd alınıb. Hər iki ölkə nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən daha çox yüklərin daşınmasına nail ola bilib.
Bütövlükdə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.
Xatırladaq ki, Türkmənistan ilə dövriyyədə 5,1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb”.
Millət vəkili onu da qeyd edib ki, Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb:
“İki dövlət arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib.
Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qazaxıstan türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhfə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır”.