“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”.
“Report” xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda baş tutan Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O, sammitin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Nazir müavini vurğulayıb ki, pandemiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün ölkələr inklüziv dünya naminə birgə fəaliyyət göstərməlidirlər.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri koronavirus pandemiyası səbəbindən ciddi maneələrlə üzləşib:
“Qazaxıstan çoxtərəfli dialoqa və fikir mübadiləsinə sadiqdir”.
K.Tumış əlavə edib ki, Qazaxıstanın təşkil etdiyi və iyunun əvvəlində Prezident Kasım-Jomart Tokayevin himayəsi ilə keçiriləcək “Astana” beynəlxalq forumu da beynəlxalq çağırışlarla mübarizəyə töhfə verəcək.