Qeyri-hökumət təşkilatları Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində bir araya gələrək ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat yayıblar.
Bəyanatda deyilir:
“2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdən aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildən BAMF-də çalışıb. 20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynəlxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv fəaliyyət göstərən BAMF-nin İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib və son istifadəçiyə təhvil verib.
Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işğal dövründə Azərbaycan əraziləri başdan-başa minalanıb və ciddi şəkildə çirkləndirilib. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünməz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə ehtiyac var.
Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmayıb və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəinki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbəiçi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru, demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.
Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 Noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində üç mina insidenti baş verib ki, nəticədə beş nəfər mina qurbanına çevrilib.
Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökumətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azərbaycanın mina probleminə biganə qalmamağa və onun həllinə öz dəstəyini göstərməyə çağırır”.