• Ca. Noy 28th, 2024

Qibləsiz Ermənistan: Ermənilər yeni sponsor axtarışında – ŞƏRH + FOTO

ByYenigun.news

Sen 12, 2023


Ermənistan hakimiyyəti yolayrıcındadır və bütün ölçüləri, nizam-tərəzini itirib. Erməni diasporu, lobbisi və hökuməti dostu, düşməni, tərəfdaşı və müttəfiqini qarışıq salıb. Onlar hələ də yarımçıq dövlət, vassal vəziyyətindən çıxa bilmirlər. Ötən gün keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın liderlik etdiyi müxalifətin təmsilçisi sayılan “Ermənistan” parlament fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Rusiya ilə münasibətlərin korlanması ölkə üçün riskli addımdır:

“Hökumət bu faktı gizlətməyə çalışsa da, hər şeyin qaydasında olduğunu göstərsə də, Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir”.

Onun sözlərinə görə, Moskva ilə münasibətlərdəki gərginlik İrəvanın xarici siyasət vektorunun dəyişməsinin nəticəsidir.

Ermənistanın hakim “Vətəndaş Sazişi” parlament fraksiyasından olan deputat Qagik Melkonyan sentyabrın 11-də parlamentdə keçirdiyi brifinq zamanı bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir:

“Onun proqramında ermənilər üçün faydalı nə görmüsünüz? Rusiya həmişə bizim yerimizə düşünüb, qərar verib, hara getməyi, kimlə dostluq etməyi deyib”.

Onun fikrincə, Ermənistan Avropa ölkələri, Hindistan, ABŞ, İranın timsalında özünə yeni dostlar axtarmalıdır. Deputat Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyin mənasız olduğunu bildirib.

Ermənistan xarici siyasətdə kursunu müəyyənləşdirmədiyi halda Azərbaycanla şərti sərhəd ərazilərdə qoşun toplayır, ABŞ ilə birgə hərbi təlimlər keçirir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib ki, onlar öz silahlı qüvvələrinin hazırlığını gücləndirmək məqsədilə tərəfdaşları, o cümlədən Ermənistanla adi hərbi təlimlər keçirirlər. O, Moskvanın bu təlimlərə sərt reaksiyasına cavab olaraq vurğulayıb ki, Rusiya təhlükəsizlik məsələləri ilə bağlı başqalarına məruzə oxuya bilər.

M.Millerin çıxışından belə aydın olur ki, Rusiyanın reaksiyasından asılı olmayaraq, ABŞ Ermənistanda nəzərdə tutduğu planları həyata keçirir. Vaşinqtonun belə davranışı rəsmi İrəvanda da müəyyən arxayınlıq yaradır. O, Rusiyanı əvəzləmək üçün yollar axtarır. Kremldən uzaqlaşmaq məqsədilə siyasi manevrlər edir, müxtəlif bəhanələri əsas götürərək açıqlamalar verir. Rusiya isə Ermənistandan əl çəkənə oxşamır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib: “Ermənistan bizim müttəfiqimizdir. Biz Ermənistana da belə yanaşırıq”.

Bu ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik var. Ermənistan cəmiyyəti yolunu azıb, çünki aldadılıb. Ona verilən vədlərin yalan və xülya olduğu özünü təsdiqləyir. Erməniləri havadarları aldadıblar. Yalan, hiylə və tamah üzərində qurulan siyasətin davamı bundan yaxşı ola bilməzdi.

Rusiya və ABŞ-nin Cənubi Qafqazda toqquşan maraqları Ermənistanda daha aydın görünür. Bu da erməniləri özlərinə yeni dost, arxa və havadar axtarmağa vadar edir. Çünki onlar heç vaxt sərbəst yaşamayıb, həmişə himayə altında olublar. Ermənistan cəmiyyəti də çaşqındır. Əvvəllər daha çox Rusiyanı istəyirdilər. İndi hara yön tutacaqları məlum deyil. Əslində, ermənilərin qibləsi olmur. Onların yalnız havadarları olur. Himayədarlarının, sponsorlarının yerləşdiyi coğrafi cəhəti qiblə kimi təqdim etsək, o zaman deyə bilərik ki, Ermənistan qibləsini itirib. Bu vəziyyətdə olan Ermənistan region, xüsusilə Azərbaycan üçün təhlükə, təhdid mənbəyidir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir