Qarabağda yaranan yeni reallıq Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin, ordusunun ardıcıl hərbi və siyasi qələbələrinin nəticəsidir. 200 ildən artıq müddətdə əcdadlarımızdan bizə “miras” olaraq qalan Qarabağ problemi artıq mövcud deyil.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Bir neçə gün əvvəl suveren ərazilərimiz olan Yuxarı Qarabağ bölgəsində 30 ildən artıq müddətdə fəaliyyətini davam etdirmiş separatçı rejimin varlığına rəsmən son qoyuldu. Qondarma qurumun rəhbərliyi bəyanatla çıxış edərək “Artsax”ın artıq olmadığı, 2024-cü ilin yanvarına kimi bölgədəki bütün fəaliyyət sisteminin tamamilə Azərbaycan dövlətinin nəzarətinə keçəcəyini bildirdi. Beləliklə, Azərbaycan lokal antiterror tədbirləri zamanı qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirdi.
Mühüm tarixi nailiyyət
Heç kimə sirr deyil ki, Azərbaycan torpaqlarında qondarma muxtariyyət, daha sonra isə separatçı rejimin yaradılması hələ 200 il əvvəl xalqımızı girov saxlamaq, azadlıq və müstəqillik mübarizəsinə əngəllər yaratmaq üçün cızılan planın tərkib hissəsi idi. 2020-ci il müharibəsi bu planların puç olmasına rəvac verdisə, lokal antiterror tədbirləri müstəqil Azərbaycan ərazisində separatizmi tamamilə məhv etdi. Beləliklə, qondarma “DQR”in ləğvi mühüm tarixi hadisədir. Bu nailiyyətlə həm də “miatsum” birdəfəlik tarixin qara səhifələrinə gömüldü.
Cinayətkarlar cəzasız qalmırlar
Tarix olan separatçı rejim uzun illər Qarabağ bölgəsində yaşayan erməni sakinlərdən də həm şəxsi, həm də siyasi məqsədlər üçün girov kimi istifadə edib. Bu nailiyyət həm də bölgənin erməniəsilli sakinlərinin xilası deməkdir.
Artıq Qarabağdakı erməniləri girov saxlayanlar Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verirlər. Bir neçə gün əvvəl xüsusi tapşırıqla Xankəndiyə gələn, reinteqrasiya prosesinə maneələr yaratmaqla Azərbaycana qarşı dünya mediasında qara piarın əsas maliyyəçilərindən olan Ruben Vardanyan qaçmağa çalışarkən Laçın postunda saxlanılaraq Bakıya gətirilib. Vaxtilə Azərbaycan ordusuna qarşı döyüşmüş qanunsuz hərbi birləşmələrin “general”ı olmuş işğalçı qüvvələrinin keçmiş komandanı Levon Mnatsakanyan, separatçıların “təhlükəsizlik şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılanlar arasındadır. Bu siyahının qarşıdakı günlərdə daha da genişlənəcəyi isə istisna deyil.
Ermənistan bu fürsəti dəyərləndirməlidir
Azərbaycanın tarixi qələbəsi və separatizmə son qoyması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələrin də əsas mövzusu olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz suverenliyini artıq tam təmin edib: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl (20 sentyabr – red.) biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə daha çox bundan sonrakı sülh prosesinə yönələn açıqlamaları ilə diqqət çəkib: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”.
Sülhə əngəl qalmadı
Separatçı rejimin özünü buraxmasının bölgədə cərəyan edən proseslərə və sülh danışıqlarına təsirinə gəldikdə isə, bir neçə mühüm məqamı vurğulamaq yerinə düşər. Azərbaycan qondarma qurum rəhbərliyinə özünü buraxdığını elan etməyə imkan yaratmaqla gələcəkdə ermənilərin xaricdə uydurma “Artsax hökuməti” formalaşdırmaq planlarını da pozmuş oldu. Digər tərəfdən, sülh danışıqlarında ən böyük maneə də aradan qalxdı. Ermənistanın sülhdən yayınmaq, bölgənin gələcək inkişafına maneə yaradan təxribatlara əl atmasına imkan verəcək hər hansı bəhanəsi qalmadı. Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatında rəsmi İrəvana ünvanlanan çağırışda bu məqam xüsusi olaraq qabardılır. “Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, – bəyanatda deyilir.
Qarşıya qoyulan hədəflər
Separatçı rejimin buraxılmasından sonra Qarabağdakı erməniəsilli sakinlərin reinteqrasiya prosesi istiqamətində də mühüm addımlar atılmaqdadır. Prezident Administrasiyasının bununla bağlı məlumatında bildirilir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi fəaliyyəti çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Bu məqsədlə xüsusi portal da yaradılıb. İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq.
Hərbi-siyasi qələbələrimizin məntiqi sonluğu
Göründüyü kimi, Qarabağda yaranan yeni reallıq Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin, ordusunun ardıcıl hərbi və siyasi qələbələrinin nəticəsidir. 200 ildən artıq müddətdə bizə miras kimi qalan Qarabağ problemi artıq mövcud deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik və hərbi qələbələri, dəmir siyasi iradəsi Azərbaycan xalqını, gələcək nəsillərimizi bu ağır yükdən birdəfəlik xilas etdi.