Yaranmasının 105 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyətinin azadlığı, dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşə-döyüşə yaranıb.
Silahlı Qüvvələrimiz ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyan hərbi gücdür.
Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində ordunun yaradılması vurğulanıb və ilk hərbi nazir Xosrov bəy Sultanov olub.
Həmin dövrdə Azərbaycan Ordusu bir neçə istiqamətdə döyüşürdü. Əsas qüvvələr Qarabağda erməni silahlılarına və havadarlarına qarşı mübarizə aparırdı.
Əslində, 105 yaşlı ordunun tarixində azadlıq, müstəqillik, ərazi bütövlüyü, torpaqların işğaldan azad edilməsi başlıca tapşırıq olub.
Cümhuriyyətin süqutu ilə Azərbaycan Ordusu da ləğv edildi. Nəticədə keçmiş SSRİ rəhbərliyi bölgədə erməniləri nəzərə alaraq qondarma vilayət belə yaratdı. Ordusuz, deməli, müstəqil dövlət olmayan Azərbaycanın bu ərazilərinə ermənilərin öz havadarlarının dəstəyi ilə qanunsuz və əsassız iddiaları 100 il davam etdi.
1988-ci ilin fevralında ermənilərin Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından çıxmağa məcbur etməsi ilə Azərbaycan torpaqlarının işğalının yeni dalğası başladı. 1990-cı illərdə yaradılan könüllü dəstələr, yerli sakinlərin özünümüdafiə qüvvələri torpaqları düşmən işğalından xilas edə bilmədi. Azərbaycanın Qarabağ bölgəsinin əhalisi məcburi köçkün vəziyyətinə düşdü. 1990-cı ildən başlayan işğal, köçkünlük, qaçqınlıq 30 ilə yaxın davam etdi.
Ancaq ötən 30 ildə, xüsusilə son 20 ildə Azərbaycan Ordusu müasir hərbi texniki avadanlıq, hərbçilərin döyüş qabiliyyətinin yüksəlməsi ilə gücləndi.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində başlatdığı əks-həmlə əməliyyatı, yəni 44 günlük müharibə nəticəsində noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Azərbaycan Ordusu öz tarixinə şərəfli günü yazdı. Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi.
Savaş meydanında bir addım da geri çəkilməyən, düşmənə qan udduran, onu diz çökdürən Azərbaycan əsgər və zabitinin döyüş qabiliyyəti, səriştəsi günü-gündən artır.
Bunun üçün yalnız ölkə daxilində deyil, Azərbaycanın müttəfiqi və dünyada sayılıb-seçilən orduya malik Türkiyə, strateji tərəfdaşlarımız Pakistan, Gürcüstan silahlı qüvvələri ilə birlikdə mütəmadi təlimlər keçirilir.
Ordumuz yeni, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunur.
İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrdə Türkiyə modeli tətbiq edilir, struktur bunun əsasında yenidən formalaşdırılır, eyni zamanda, ordunun NATO standartlarına uyğunlaşdırılması üçün yeni birliklər və daha çevik qruplar yaradılır.
Bu gün Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti ilə hesablaşırlar. O, müasir müharibəni apara bilən və qalib gələn gücdür.
Bakı və İrəvan hələlik sülh sazişi imzalamayıb. Düşmən hiyləgər və məkrlidir. Amma bunların heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan əsgəri ayıq-sayıqdır, Vətənin keşiyində möhkəm dayanıb.
Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin tör-töküntüləri Azərbaycan Ordusunun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər. Lakin Azərbaycan Ordusu ermənilərin və havadarlarının bu kimi pozuculuq fəaliyyətinin qarşısını qətiyyətlə alır.
Ordumuz Ermənistanın sərhədyanı ərazilərdə terror-təxribat planlarını da puça çıxarır. Azərbaycan əsgəri bununla Ermənistan hakimiyyətinə, onların pozuculuq fəaliyyətini dəstəkləyənlərin pis niyyətlərinin reallaşmasına mane olur və öz torpağını, ölkəmizin suverenliyini qorumağa qadir olduğunu bir daha nümayiş etdirir.
Bütün bunlara görə Azərbaycan Ordusu dünya ölkələrinin ordularının reytinq siyahısında qabaqcıl yerlərdən birini tutur və ilk əllilikdə qərarlaşıb.
Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti barədə çox yazmaq olar. Həm də təkcə bayram günündə deyil, hər zaman.
İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib: “Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq”.
Dövlət başçısının bu fikirləri Azərbaycan Ordusunun qüdrətini tam ifadə edir və dosta da, düşmənə də göstərir.
“Report” İnformasiya Agentliyi