Azərbaycanda rəqabətə nəzarət üçün orqan yaradıla bilər.
Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.
Layihəyə əsasən, rəqabət orqanının bu Məcəlləyə uyğun olaraq qəbul etdiyi qərarları onların aid olduğu bütün bazar subyektləri üçün məcburidir.
Həmçinin, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Rəqabət orqanının xidməti fəaliyyətlə əlaqədar işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, onun müraciəti əsasında, məhkəmə qaydasında təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Rəqabət Məcəlləsinin tələblərinin pozulmasına görə bu Məcəllə və İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq olunan sanksiya və cərimələrdən toplanan vəsaitin 50 faizi (bu Məcəllənin 81.2-ci maddəsinə əsasən qanunsuz gəlirə mütənasib artırılan hissə və əlavə maliyyə sanksiyası istisna edilməklə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial təminatının gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
Aysel Aslan