Ötən həftədən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri üçün kampaniyaya rəsmən start verilib.
Türkiyədə qarşıdan gələn seçkilərdə milli azlıqların səslərini almaq çox önəmli hesab edilir. Məhz bu səbəbdən müxalifətin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) səsləri üçün mübarizə aparması heç də təsadüfi deyil.
Oxu.Az-a açıqlama verən politoloq Ramiyə Məmmədova söyləyib ki, seçkilərdə etnik azərbaycanlılar da fəal iştirak edəcəklər, lakin onların dəqiq sayı yalnız aprelin 8-dən sonra məlum olacaq.
Politoloq bildirib ki, Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğanın partiyasındansa onun özünə səs verməyi üstün tutur.
Ramiyə Məmmədova hazırkı prezidentin seçkidəki əsas rəqibi Kemal Kılıçdaroğlu barədə danışarkən qeyd edib ki, əgər əvvəl o, birinci turda qalib gələcəyinə əmin idisə, indi onun bu inamı yoxdur:
“O, namizəd Muharrem İnceni dəstəkləyən siyasi dairələrə və gənclərə böyük ümid bəsləyirdi. Amma İnce ilə Kılıçdaroğlu arasında keçən həftə baş tutan danışıqlar heç bir nəticə vermədi. Kılıçdaroğlu ona vitse-prezident postunu vəd etsə də, İnce namizədliyini geri götürməkdən imtina edib. Bu vəzifələr əvvəllər Ankara və İstanbul bələdiyyə sədrlərinə – Mansur Yavaş və Ekrem İmamoğluya da təklif edilmişdi. Bir daha vurğulamaq istərdim ki, gənclər Muharrem İnceni fəal şəkildə dəstəkləyirlər. O, kifayət qədər gənc və təmaslara açıq siyasətçidir. Kılıçdaroğlu isə gənc seçicilərin dəstəyi olmadan ilk turda qalib gələ bilməyəcək”.
Politoloq əlavə edib ki, sadaladığı məqamlardan başqa, medalın digər tərəfi də var.
Ekspert hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası parlament seçkisində səsləri itirmək təhlükəsi ilə üz-üzədir:
“Bu da ölkədəki iqtisadi vəziyyətlə bağlıdır. Əhali, o cümlədən gənclər yüksək inflyasiya, lirənin ucuzlaşması və sair problemlərə görə Ədalət və İnkişaf Partiyasını ittiham edirlər. İndi bu partiya və onun koalisiya ortağı MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) tərəfdarları fəal şəkildə təbliğat işi aparır, sözün əsl mənasında ev-ev gəzərək gəncləri onlara səs verməyə inandırmağa çalışırlar. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Türkiyənin indi ehtiyac duyduğu xarizmatik liderdir və vətəndaşlar bu məqamı başa düşürlər.
İran, ABŞ, Avropa İttifaqı ölkələri və Rusiya tərəfindən Türkiyəyə qarşı hibrid və bəzən aqressiv siyasət aparılır. Lakin Türkiyə prezidenti məharətlə manevrlər edir və ölkənin qarşısında duran problemləri həll edir. Ən çox da Qərb Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir, müxalif altı partiya isə sırf amerikameyilli qüvvədir (ABŞ-nin Türkiyə Respublikasındakı səfiri artıq Kemal Kılıçdaroğlu ilə görüşüb, bu hadisə isə Türkiyə prezidentinin qəzəbinə səbəb olub – red.).
Türkiyə müxalifəti Qərbi dinləməklə suverenliyini itirib. Amma türklərin əksəriyyəti bunu istəmir. Bundan əlavə, altıpartiyalı müxalifət koalisiyası uzun müddət prezident seçkisində vahid namizəd məsələsində ortaq qərara gələ bilməməklə zəiflik nümayiş etdirdi”.
Nair Əliyev