“Zamanında Gürcüstan və Azərbaycanın mərhum prezidentləri Eduard Şevardnadze və Heydər Əliyev arasında olan dostluq iki ölkənin xalqları arasında dostluğu daha da möhkəmləndirib. Bu yaxınlıq dini rəhbərlərin də dostluğuna təkan olub. Hazırda isə bu ənənəni Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirirlər”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Tbilisi Ruhani Akademiyasının rektoru Georgi Zviadadze sentyabrın 27-də Gürcüstan paytaxtında keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” beynəlxalq konfransın açılış mərasimində səsləndirib.
Onun sözlərinə görə, Gürcüstanda müsəlman icmasının öz dini fəaliyyətini həyata keçirməsinə dövlətlə yanaşı, kilsə də böyük dəstək verir:
“Bu, Gürcüstanda artıq bir ənənə halını alıb. Azərbaycanda sivilizasiyalar və dinlərarası kontekstində bir çox konfranslar keçirilir. Azərbaycan Prezidentinin dəstəyi ilə beynəlxalq tədbirlər təşkil olunur. Bu konfranslarda əldə olunan uğurlar ksenofobiya və islamofobiyanın qarşısını alır”, – deyə Tbilisi Ruhani Akademiyasının rektoru vurğulayıb.