“Azərbaycanın Qoşulmama Hərəkatında fəal mövqeyi beynəlxalq gündəmi dəyişməyə imkan verib”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşünə münasibət bildirərkən deyib.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın bu təşkilatda sədrliyə başlaması kifayət qədər çətin – COVID-19 pandemiyasının geniş yayıldığı dövrə təsadüf edib.
“Azərbaycan BMT çərçivəsində inkişaf etməkdə olan və kasıb ölkələrə yardımla bağlı qlobal müzakirələrə başlayıb. Məlum olduğu kimi, Qoşulmama Hərəkatının iştirakçılarının əksəriyyəti kasıb dövlətlərdir. Buraya xüsusən də pandemiyadan ən çox zərər görən bir çox Afrika ölkələri daxildir. Azərbaycanın COVID-19-a qarşı vaksinlərin paylanmasına verdiyi dəstək çox əhəmiyyətlidir. Belə ki, Azərbaycan bu vaksinlərin kasıb ölkələrə paylanmasına töhfə verib”, – F.Hüseynəliyev əlavə edib.
Videokonfrans rejimində müzakirələrə Fransadan politoloq və hüquqşünas Zaur Sadıqbəyli də qatılıb.
Müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə söylədiyi fikirlərə xüsusi yer ayrılıb.