• C. Noy 29th, 2024

Riçard Tempest: “Azərbaycanın mövqeyi ABŞ üçün çox şey ifadə edəcək” – MÜSAHİBƏ

ByYenigun.news

Yan 31, 2024


ABŞ tarixinin heç də ən yaxşı dövrünü keçirmir. Ölkənin dövlət borcu astronomik – 34 trilyon dollara çatıb və artmaqda davam edir. ABŞ-nin maliyyə naziri Canet Yellen artıq dövlət borcunun miqyasını qorxulu adlandırıb, düzdür, sonradan əlavə edib ki, milli borc nəzarət altındadır.

Bunun fonunda miqrasiya və daxili siyasi böhran güclənir. ABŞ-nin 26 ştatının baş prokurorları Ağ Evlə münaqişədə Texası dəstəkləyiblər. Yada salaq ki, daha əvvəl ABŞ-nin Ali Məhkəməsi ABŞ-Meksika sərhədindəki məftil hasarın götürülməsini tələb edən Prezident Co Bayden administrasiyasının tərəfini tutsa da, yerli hakimiyyət bu tələbi yerinə yetirməkdən imtina edib və daha çox maneələr quraşdırmağa başlayıb.

ABŞ-li analitik, İllinoys Universitetinin professoru Riçard Tempest vəziyyəti Oxu.Az-a şərh edib.

– ABŞ-nin maliyyə naziri Canet Yellenin nəzarət altında olan qorxunc dövlət borcu ilə bağlı açıqlamasından başlayaq.

– Bəyanata iki cür yanaşmaq lazımdır. Bir tərəfdən, o, maliyyə sahəsində çox bacarıqlı bir insandır. Lakin digər tərəfdən, o, həm də siyasi funksiyaları yerinə yetirir, administrasiyanın maliyyə siyasətini ən əlverişli şəkildə təqdim etməyə çalışır. Buna görə də o, haqlı olaraq ABŞ-nin nəhəng borcundan danışır. 34 trilyon dollar təsəvvürəgəlməz məbləğdir. Hər şeyin nəzarət altında olduğunu deyəndə isə o artıq siyasi fiqur kimi çıxış edir.

– Belə çətin maliyyə vəziyyəti fonunda daxili siyasi miqrasiya böhranı başladı…

– Respublikaçılar Partiyasının nümayəndələri Meksika ilə sərhəddəki vəziyyəti daim tənqid edirlər. Bu, respublikaçılar üçün siyasi baxımdan uduşlu kartdır və hazırda Senatda demokratlar və respublikaçılar arasında danışıqlara müdaxilə edən və büdcə kompromisinə nail olmağa çalışan keçmiş prezident Donald Tramp da onu yaxşı bilir. Buraya Ukrayna, İsrail və ABŞ-nin digər müttəfiqləri və müştərilərinə yardım, cənub sərhədindəki böhran və əsasən, Mərkəzi və Cənubi Amerikadan olan miqrantların, demək olar ki, nəzarətsiz sızmasını məhdudlaşdıran ikitərəfli razılaşma daxildir.

İlk prezidentlik kampaniyasında miqrasiya və cəmiyyətdəki demoqrafik dəyişikliklərlə bağlı sərt bəyanatlar səsləndirən Tramp üçün bu mövzu yenə də uduşludur. Tramp instinktiv siyasətçidir, populistdir, həmişə tərəfdarlarını narahat etdiyini hiss edir.

Ancaq vəziyyət, həqiqətən, böhranlıdır. Birləşmiş Ştatlar cənub sərhədlərinə nəzarət edə bilmir və bu, narahatlıq yaradır. Çikaqoda polis bölmələri evsiz miqrantlar üçün sığınacaq kimi fəaliyyət göstərir. Burada hər iki tərəfdə kəskin ədalətsizlik hissi var. ABŞ-də haqsızlıqdan və təqiblərdən qaçan insanların qeyri-müəyyən statusa malik olmasından qəzəblənən liberal vətəndaşlar var. Digər tərəfdən, çoxlu evsiz ABŞ-lilər var ki, onların pulsuz tibbi xidmət almaq, bələdiyyə hesabına hoteldə qalmaq, hətta polis bölməsində gecələmək hüququ yoxdur.

– Deyə bilərikmi ki, ABŞ-lilər üçün daxili məsələlər qlobal problemlərdən daha vacib olub və ya olacaq?

– ABŞ-lilər artıq daxili problemlərin daha vacib olduğunu anlayıblar. Əhalinin əhəmiyyətli bir hissəsi üçün Birləşmiş Ştatlar müəyyən dərəcədə dünyanın qalan hissəsindən təcrid olunmuş, özünə qapanmış aləm, Yeni Dünya kimi görünür. Ona görə də xarici qıcıqlandırıcılar bu ABŞ dünyasını zəbt edəndə, məsələn, 2001-ci ilin 11 sentyabrını (o vaxt ABŞ-də silsilə irimiqyaslı terror aktları baş vermişdi – red.) yada salaq, ABŞ-lilər böyük sarsıntı yaşayırlar.

Hazırkı demokrat administrasiyası kifayət qədər səriştəlidir, lakin onun rəhbəri (Co Bayden) daxili siyasətdə həlledici lider kimi qəbul edilmir.

Respublikaçılara gəlincə, partiyanın tərəfdarlarının təxminən üçdəbiri hələ də Donald Trampı rədd edir, lakin o, sadiq izləyiciləri olan çox xarizmatik liderdir. Respublikaçılar Partiyası praymerizlər – ilkin seçki keçirir və mən deyərdim ki, Trampın lider olmasına baxmayaraq, prezidentliyə namizədlik uğrunda mübarizə hələ qabaqdadır.

Hər halda, hazırda ABŞ prezidentliyinə ən çox ehtimal olunan iki namizəd – Co Bayden və Donald Tramp -kifayət qədər qocadır. Birinin 80-dən yuxarı, digərinin isə 80-ə yaxın yaşı var. Həm səhhətləri yaxşı deyil, həm reallığı qəbul etməkdə problemləri var. Bu, narahatlıq yaradır. Prezidentlik uğrunda mübarizəni iki tısbağanın yarışı adlandırmaq olar.

– Bu arada, sorğulara görə, Tramp Baydeni qabaqlayır, bu da eks-prezidentin yenidən seçilmək şansının daha yüksək olduğunu göstərir.

– Mən həmişə proqnoz verməkdən çəkinirəm. Əksər sadə ABŞ-lilər üçün seçki kampaniyası o qədər də vacib deyil. Bunu seçkilərlə peşəkar şəkildə məşğul olanlar – siyasətçilər, sosioloqlar, siyasi strateqlər, analitiklər və s. diqqətlə izləyirlər. Onlar üçün Tramp hələ də şərti namizəddir. Prezident seçkisi kampaniyası başlayanda, mənə elə gəlir ki, Trampın dörd illik hakimiyyətini xatırlayan əhalinin bir hissəsi onu qəbul etməyə bilər. Çünki həmin zamanlarda da müxtəlif xarakterli münaqişələr baş verirdi.

Demək olar ki, bütün demokratlar Baydenə səs verəcəklər. Lakin respublikaçıların əhəmiyyətli bir hissəsi Trampı öz partiyaları və hətta bütün ölkə üçün təhlükəli hesab etdiyi üçün yenidən prezident kimi görməyə hazır deyil.

Həmçinin, müstəqil namizədlər təbəqəsi var ki, onları bu və ya digər namizədə səs verməyə inandırmaq lazımdır. Deməli, hələ hər şey qərarlaşdırılmayıb. Ancaq mənə elə gəlir ki, Baydenin şansı hələ də Trampın şansından bir qədər yüksəkdir.

– Baydenin dövründə ABŞ Əfqanıstandan çıxdı. Bu da ABŞ-lilərə ölkənin 1975-ci ildə Vyetnam müharibəsi zamanı Sayqondan çıxmasını xatırlatdı. Hazırda ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunur. Ukraynada müharibə artıq iki ildir ki, davam edir və ABŞ-nin böyük köməyinə baxmayaraq, vəziyyət mövqe qarşıdurmasına çevrilib, qələbə yoxdur. İndi isə Ukrayna ABŞ-dən heç bir yardım almır. ABŞ-nin demokrat administrasiyasının Cənubi Qafqazdakı siyasəti isə Vaşinqtonla Bakı arasında gərginliyə səbəb olub. ABŞ administrasiyasının açıq-aşkar xarici siyasətdə uğursuzluqları var, lakin ABŞ-lilər bunları görürlərmi?

– Əslində, ABŞ-liləri dünyada baş verən hadisələr o qədər də maraqlandırmır, bu haqda danışmışıq. Bayden administrasiyasının xarici siyasəti kifayət qədər səriştəlidir, mən öz sözlərimdən dönmürəm. Bir tərəfdən, trampçılarla obamaçılar və baydençilər arasında müəyyən konsensus var. Məğz ondan ibarətdir ki, hamı ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətindən əl çəkməyə çalışır.

Əfqanıstan və İraqla bağlı ümumi fikir var ki, Əfqanıstan və İraq kampaniyaları səhv olub, o qədər də bacarıqla aparılmayıb. Siyasətçilərin və onların seçicilərinin beynində bu cür nəticələr olanda isə bu qərarları düzəltmək yox, onları unutdurmaq cəhdi olur.

İndi Cənubi Qafqaz və Azərbaycanla Ermənistan arasında münasibətlər haqqında. Unutmaq olmaz ki, Azərbaycanın ABŞ-də Ermənistanın öz lobbisi sayəsində malik olduğu qədər güclü siyasi varlığı yoxdur. Düzdür, Ermənistanın özü də bu üstünlükdən çox məharətlə istifadə etmədi. Bununla belə, ABŞ Konqresində erməni tərəfinin konqresmenlərin düşüncə və hərəkətlərini konkret istiqamətə yönəltmək imkanı var.

Sizin regionunuz ABŞ üçün prioritet deyil, ancaq bu vəziyyət ABŞ və onun müttəfiqləri arasında İranla qarşıdurma yaranana qədərdir. Qarşıdurma isə, demək olar ki, qaçılmazdır. O zaman Azərbaycanın mövqeyi ABŞ üçün çox şey ifadə edəcək və Bakı Vaşinqtonun xarici strateji siyasətinin mərkəzində olacaq. Ümumiyyətlə, Azərbaycan geosiyasi mənada (mən heç enerji resurslarından danışmıram) Qərbə Cənubi Qafqazın istənilən ölkəsindən qat-qat çox təklif edə bilər.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir