• Ca. Noy 28th, 2024

Roma Statutunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH + FOTO

ByYenigun.news

Okt 4, 2023


Ermənistanın anti-Rusiya fəaliyyəti davam edir. Son beş ildə ölkədə Rusiyaya qarşı çıxışlar artmaqdadır. Bu istiqamətdə keçirilən etiraz aksiyalarında “İşğalçı Rusiya, Ermənistandan get!”, “Rusiya işğalçıdır!” kimi şüarlar səslənib.

Son zamanlar Moskvanın təşəbbüsü ilə yaranan təşkilatın tədbirlərində rəsmi İrəvanın iştirakı da azalıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə Ermənistanın qatılmaqdan imtina etməsi Moskvaya qarşı sərt jest sayıla bilər. Rəsmi İrəvanın bu tip addımları, ölkədə güclənən anti-Rusiya ovqatı Kremlin də haqlı məyusluğuna səbəb olur. Çünki ermənilərin və Ermənistanın son 200 illik tarixi, fəaliyyəti, mövcudluğu birbaşa Rusiyanın, keçmiş SSRİ-nin himayəsi, yardımı ilə sıx bağlıdır. Odur ki, Moskvanın İrəvandan inciyib umması səbəbsiz, əsassız deyil.

Əslində, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Rusiya ilə mövcud çatı dərinləşdirib. Yeri gəlmişkən, bu qanun indiki şəraitdə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın təsdiqləməsindən sonra qüvvəyə minəcək. Bununla belə, Statutun ratifikasiyasını Rusiya-Ermənistan münasibətlərində İrəvan tərəfindən Moskvaya qarşı çəkindirici faktor kimi də qəbul etmək olar. Hətta İrəvan imzalanmanı gecikdirmək, yaxud yenidən müzakirəyə çıxarmaqla Rusiya ilə müəyyən bazarlığa getmək üçün vaxt da qazana bilər. Ancaq baş nazir Nikol Paşinyanın bu məsələdə qətiyyətli açıqlaması Ermənistanın Statutdan geri çəkilməyəcəyinin göstəricisidir.

Ermənistan parlamentinin 107 deputatından 60-ı qanun layihəsinin lehinə, 36 müxalif deputatdan 22-si isə əleyhinə səs verib. Tərəfsiz qalan olmayıb. Başqa sözlə, müzakirədə 82 deputat iştirak edib. İki ölkə arasında çox vacib məsələnin müzakirəsində bu sayda parlament üzvünün iştirakı iqtidar və müxalifət partiyaları arasında qanun layihəsinin əleyhdarları və tərəfdarlarının olduğunu deməyə də əsas verir.

Bəziləri hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi Ermənistanı Rusiyadan incik salıb. İrəvan hesab edirdi ki, Rusiya başda olmaqla KTMT-nin başqa üzvləri də öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı döyüşəcəklər. Çox gülünc və məntiqsiz iddia idi…

Ermənilərin işğalçılıq siyasətini Rusiya və təşkilat üzvlərinin müdafiə etməməsini Statutun ratifikasiyası ilə əlaqələndirmək əsassızdır. Çünki Ermənistan hələ 1999-cu ildə Roma Statutunu imzalayıb. Ancaq parlament ratifikasiya etməyib. 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi bunu ölkənin Əsas Qanununa zidd sayıb. 2022-ci ilin sonunda yenidən bu məsələyə qayıtdılar. Ermənistan bununla guya Azərbaycana qarşı məhkəmə iddiaları ilə çıxış etməyi qarşısına məqsəd qoyub. Ancaq bu sənədi qəbul etmədiyindən Azərbaycan üçün keçərli sayılmır. Sənəd Ermənistana səfər edəcəyi halda Rusiya Prezidenti Vladimir Putinin həbsinə əsas verir. Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə zamanı uşaqların itkin düşməsinə görə ona qarşı cinayət işi başlayıb.

Deməli, rəsmi İrəvan hələ 24 il əvvəl Rusiyadan ayırılacağının anonsunu verib. Ancaq ölkədə baş verən sonrakı hadisələr Statutun ratifikasiyasını gecikdirib. Bu, Ermənistanın Qərblə Rusiya arasında ikili oyun oynamasının nəticəsidir. 1999-cu ildə Koçaryan hakimiyyəti Qərbin gözündə özünü avropasevər göstərmək üçün bunu imzalayıb. Ancaq bunun Rusiyanın xoşuna gəlmədiyini görüb sənədi ratifikasiya etməyib.

Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ermənistanı Statutu ratifikasiya etdiyi üçün alqışlayıb.

Deməli, bu sənədin ratifikasiyasının Azərbaycana təsiri yox dərəcəsindədir. Tarixdə fəaliyyətdə olan prezidentin bu qanuna əsasən həbs edilməsi faktı yoxdur. Bu baxımdan Ermənistana səfər edəcəyi halda Vladimir Putinin həbsinin reallaşması mümkünsüzdür. Ermənistanın əsas hədəfi Rusiya ilə münasibətləri pozmaq, özünü suveren göstərmək cəhdidir. Bu, Nikol Paşinyanın Rusiyadan asılı olmayan xarici siyasət yürütmək istiqamətində səyi də sayıla bilər. Statut məsələsi Qərblə Şimal arasındakı yolayrıcında qalan Ermənistanın işlərini bir az da qəlizləşdirib. Rusiya hələ ki məsələni həll etməyə tələsmir. Görünən odur ki, Moskva yüngül təsir vasitəsi ilə rəsmi İrəvanı anti-Rusiya mövqeyindən çəkindirməyə çalışır. İndiki şəraitdə Ermənistanı daha çox yükləyib təsir dairəsindən uzaqlaşmasını istəmir. Bununla əyaləti kimi davrandığı Ermənistanda Kremlə qarşı qiyamın baş verməsinin qarşısını almağa çalışır. Bütün hallarda Roma Statutu Ermənistanı Rusiyadan hələ ki qopara bilməyəcək. Bunun üçün Qərbin Cənubi Qafqazda Rusiyadan daha çox nüfuza yiyələnməsi vacibdir. O hələ ki buna nail olmayıb. Ancaq proses davam edir… Qanunlar, adətən, müəyyən məsələlərin tənzimlənməsinə köməklik göstərir. Ancaq Roma Statutu Rusiya ilə Ermənistanın münasibətlərinə nifaq salır…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir