• Ç. Noy 27th, 2024

Rumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb – FOTO

ByYenigun.news

İyl 23, 2023


Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ultima ora” qəzeti, “news24hours” xəbər portalı və bunlara istinadən digər KİV-lər Şuşa şəhərində keçirilən Qlobal Media Forum barədə davamlı məqalələr, videolar yayıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə cümə günündən bazar gününə kimi keçiriləcək tədbirlərdə kütləvi informasiya vasitələri və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual mövzuların müzakirə olunduğu qeyd edilir.

Bildirilir ki, Milli Mətbuat Günü münasibətilə tədbir Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 50 ölkədən olan 120 media qurumunu təmsil edən 200-dən çox qonaq, o cümlədən AGERPRES-in baş direktoru Klaudiya Nikolae ilə də görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi cəmiyyətin inkişafı üçün ən mühüm şərtlərdən biridir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edir, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı yüksək templə irəliləyir. Bildirilir ki, Prezident Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə o, Ankaranın sabitləşdirici rol oynadığını və gələcəkdə qlobal məsələlərdə, xüsusən də bu regionda Türkiyənin rolunun çox əhəmiyyətli olduğunu vurğulayıb.

Yazılarda qeyd olunub ki, kütləvi informasiya vasitələri sahəsində beynəlxalq forumun açılış mərasimindən sonra keçiriləcək sessiyalarda iştirakçılar rəqəmsal əsrdə və transformasiyada jurnalistika və kommunikasiyanın yeni alətləri, müasir informasiya kontekstində media idarəçiliyi və davamlı media biznes modellərinin yaradılması, media təhsili, dezinformasiya və saxta xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər barədə müzakirələr aparacaqlar. Qlobal Media Forum çərçivəsində bir sıra sərgilərin və təlimlərin keçirilməsi də planlaşdırılır.

Diqqətə çatdırılıb ki, “AGERPRES” Rumıniya milli agentliyinin baş direktoru Klaudia Nikolae, bazar günü jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş sessiyada müzakirələrə qoşulacaq, çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir