• Ça. Noy 26th, 2024

Rusiya-İran sövdələşməsi: Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqton masasını dağıtmaq istəyi – TƏHLİL

ByYenigun.news

İyn 27, 2023


Rusiyadakı “Vaqner” qiyamı”ndan sonra Prezident Vladimir Putinin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığından çıxan səslər regionun həssas sabitlik oxunun yerindən tərpədiləcəyinə dair fikir formalaşdırır.

Putin-Rəisi danışıqları Yevgeni Priqojinin “qiyam dəliliyi”nin regional və qlobal ölçüdəki geosiyasi təsirlərinə fon verir və qarşıda Cənubi Qafqazla Yaxın Şərqin qan çanağı olan Suriya cəbhəsindəki çarpazlaşmanı aktuallaşdırır.

Rəisi danışıq zamanı Rusiyadakı “qiyam”la Putin arasındakı seçim etmək arasındakı mövqeyini açıqlayıb, onun Rusiya rəhbərliyinə tam dəstək ifadə etməsi Tehranın yanaşmasını sərgiləyir.

Priqojinin Putin hakimiyyətindəki güc strukturlarına qarşı apardığı mübarizədən məğlub çıxması Moskvanın xarici siyasətini daha da radikallaşdıracaq, indi Kremllə Tehran maraqlarındakı müştərək mühafizəkar səhifələri vərəqləməyə can atırlar.

Hər iki prezident regional siyasətdəki konservativ yanaşmanı Qafqaz bölgəsi ilə bağlı nümayiş etdirib.

Rəisidən sitat: “Qafqaz regionunda baş verənləri həssaslıqla və ciddi şəkildə izləyirik. Qafqazdakı münaqişələr region ölkələrinin rolu ilə həll olunmalıdır”.

Qafqazdakı vəziyyətlə bağlı Putinin sitatı: “Regiondankənar oyunçuların orada (Qafqaz) baş verən hərəkətlərinin mənfi nəticələri var. Problemlər qonşu dövlətlərin əməkdaşlığı və koordinasiyası yolu ilə həllini tapmalıdır”.

Rəisi eyni ritorikanı Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında da təkrarlayıb (Putinlə danışıqdan sonra baş tutan müzakirə).

Rusiya və İran prezidentlərinin geosiyasi tonu Qafqazla Suriya arasında kəndir atıb bu ipin üzərində oyun qurmaq arzularından xəbər verir. Bu tendensiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü vaxtında təsadüfi məsələ sayıla bilməz.

Qısası, Cənubi Qafqazdakı Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə dram bitməyib və Moskva ilə Tehran Qərb platformasını sıxışdırmaq üçün hansısa mənfi ssenariləri istisna etmirlər.

Azərbaycan bundan sonra baş verə biləcəklərə necə hazırlaşmaq barədə ciddi düşünür – bir tərəfdə sülh proqramı, digər tərəfdə erməni təxribatları, digər yanda isə regionda coşan qlobal maraqlar.

Vəziyyət Azərbaycana strateji müttəfiqi Türkiyə ilə birlikdə regional münaqişə ehtimalına mənalı şəkildə təsir etmək imkanlarını genişləndirməkdən başqa seçim yolu qoymur.

Lakin Rusiya Ukraynadakı taktiki uğursuzluqlardan dolayı münaqişələrin böyüyüb şişməsində deyil, onların idarə olunacaq səviyyədə qalmasında maraqlıdır, İranın Yaxın Şərq üzrə təcrübələrindən çıxış etsək, onun fərqli mövqedə dayandığını deyə bilərik.

İran üçün münaqişə, özünə xal qazandıracaq proksi qüvvələrin formalaşdırılması prosesinə münbit zəmin deməkdir, Tehranın regional siyasətinin radikal hərəkatlar vasitəsilə möhkəmləndirilməsi baxımından müsbət siqnaldır.

Rusiya ilə İran geosiyasi maraqlarında bir-birilə uzlaşan elementlərlə vahid baza yaradıb bunu Qərbə qarşı müqavimət oxuna salmaq niyyətlərini gizlətmirlər. Ancaq Kreml hazırda daha çox Hind okeanına çıxış üçün Şimal-Cənub Dəhlizinin açılmasını prioritet tutur.

Şimal-Cənub Dəhlizinin tam gücü ilə işə düşməsi üçün iqtisadi-maliyyə çətinlikləri var, ancaq bu yazının ruhuna uyğun olaraq biz daha çox geosiyasi əhəmiyyətlərin kəsişdiyi kontekstə diqqət yetirəcəyik.

Görünən odur ki, Rəisinin iyun ayının ortalarında Latın Amerikası turnesinə çıxmasından sonra Rusiya-İran marşrutundakı geosiyasi xətlərin böyüdülməsi cəhdləri Cənubi Qafqazın təhlükəsizlik panoramına təsirsiz ötüşməyəcək.

Təbii ki, Rusiya ilə İranın regiondakı xarici oyunçularla bağlı narahatlıqları heç də həmişə eyni “düşmən”lərə qarşı vahid mövqeni bölüşmür.

Məsələn, Rusiya ən çox ABŞ və Böyük Britaniyanın, İran isə daha çox İsrail və Türkiyənin regional iştirakdakı səhmlərindən narahatdır.

Bununla belə, ortaq bir nöqtə üzə çıxır – həm Moskva, həm də Tehran Azərbaycan və Ermənistan danışıqlarının Vaşinqton raunduna etirazlarını bir platformaya gətirir.

Deməli, Rusiya-İran anlaşmasının xarici siyasətdən də kənara çıxan narahatlıqları regional və beynəlxalq miqyasda sabitliyi pozan amil olaraq qalmaqdadır.

İran Rusiyadan güzəşt paketi ala bilsə, Suriyada ABŞ-yə qarşı fəaliyyət oxunu gücləndirəcək və əldə edə biləcəyi nəticələri Cənubi Qafqazdakı Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətinə qarşı yönləndirmək istəyəcək.

Rusiya üçün əsas Zəngəzur dəhlizinin açılması və ona nəzarət, Şimal-Cənub Dəhlizinin potensialını göstərməsi maraqlıdır.

Vaşinqton danışıqlarından sonra Rusiya ilə İranın Azərbaycan-Ermənistan gündəliyindəki Qərb motivlərinə qarşı hərəkəti güclənə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir