Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlıların Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Xankəndiyə göndərdiyi humanitar yük maşınını boşaltması ilə bağlı görüntülər yayılıb.
Bu barədə məlumat Rusiya sülhməramlılarının “Telegram” kanalında yer alıb.
Yük maşını Qarabağın erməniəsilli sakinlərinə ərzaq, geyim, gigiyena və uşaq dəstləri, eləcə də zəruri mallar çatdırıb.
Məlumata görə, hər bir ərzaq paketinə 11 kiloqramdan çox məhsul – günəbaxan yağı, şəkər, un, dənli bitkilər, makaron və bişmiş ət daxildir. Uşaq dəstlərinə kisel, vitaminlər, uşaq pudrası və yeməklər, diş fırçası və balıq yağı daxildir. Yük maşını ilə həmçinin yataq dəstləri, adyal və yastıqlar gətirilib.
Xatırladaq ki, Qarabağın erməni sakinlərinə yük Ağdam-Xankəndi yolu ilə çatdırılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qızıl Xaç Cəmiyyəti arasında Rusiya Federasiyası Hökumətinin təşəbbüsü ilə imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin tələbatının ödənilməsi məqsədilə sentyabrın 9-da saat 14:30-da ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir ədəd yük avtomobili “Samur” keçid məntəqəsi vasitəsilə Azərbaycana keçib. Avtomobil sentyabrın 12-də səhər saatlarında Xankəndiyə gəlib.