• Ca. Noy 28th, 2024

Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Planeti üçüncü dünya, yoxsa nüvə müharibəsi gözləyir? – FOTO

ByYenigun.news

Sen 21, 2022

Rusiya Prezidenti Vladimir Putinin bugünkü xalqa müraciəti ilə dünya daha qorxulu sabahlara oyanacağının, yaxud da əbədi yuxuya getməklə bağlı təhdidlərin fərqinə vardı. Hər kəsi belə bir sual düşündürür – nüvə müharibəsi ehtimalı gerçəkləşir?  

Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Mərkəzi Asiyada Tacikistan-Qırğızıstan, Balkan yarımadasında Serbiya-Kosovo, Yunanıstan-Türkiyə gərginliyi son ayların gündəmindən düşmür. Tayvan adası ətrafında ABŞ-Çin maraqları toqquşur və ABŞ Çini sanksiyalarla hədələyir. Ən gərgin vəziyyət isə Şərqi Avropada hökm sürür. Belə ki, yeddi aya yaxındır davam edən Rusiya-Ukrayna savaşının nə vaxt bitəcəyi hər kəs üçün sirr olaraq qalır. Vladimir Putinin qismən səfərbərlik elan etməsi isə Rusiyanın, Qərbin sanksiyalarına baxmayaraq, yaxın müddətdə oyundan çıxmaq kimi bir planının olmadığını açıq şəkildə göstərir. 

Bundan başqa, Kreml rəhbəri Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara da xəbərdarlıq edib: “Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”.

Mövcud durumu Oxu.Az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, dünyada vəziyyət olduqca gərgindir, hər tərəfdə müharibə ehtimalı var:

“Bir neçə gün öncə Ermənistan-Azərbaycan toqquşması baş verdi. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Tacikistanla Qırğızıstan arasında da münasibətlər gərgindir. Bundan əlavə, Tayvan səbəbilə ABŞ Çinə qarşı sanksiyalar tətbiq etmək istəyir. Təzyiqləri artırdıqca isə Çin Rusiyaya yaxınlaşır. Bu isə dünya üçün daha böyük təhlükə yaradır. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmaq istəyir”.

Politoloq qeyd edib ki, bütün bu gərginliklərin bölgəmizə ciddi təsiri var:

“Rusiya prezidenti qismən səfərbərlik elan etdi, artıq Ukraynada müharibə daha da genişlənəcək. Bunun bütün bölgələrə mənfi təsiri olacaq. Çünki Putin açıqlamasında hətta bəzi dövlətləri nüvə müharibəsiylə hədələyib. Serbiya Prezidenti Aleksandr Vuçiç üçüncü dünya müharibəsinin anonsunu verib, yəni beynəlxalq aləmdə vəziyyət çox gərgindir və bu gərginliyin səbəbi məhz Rusiyanın Ukraynada apardığı müharibədir, bu müharibə dayandırılmayanadək bütün bölgələrdə vəziyyət gərgin olaraq qalacaq”.

Ekspert əlavə edib ki, Rusiya prezidenti Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən bu yana səfərbərlik elan etməkdən çəkinirdi:

“Çünki Kreml sahibi “xüsusi əməliyyat” adlandırdığı müharibəni az qüvvə ilə yekunlaşdırmağı planlaşdırırdı. Səfərbərlik elanı bu nağıla rəsmən son qoydu. Putin bir neçə ay əvvəl müharibəyə müxtəlif dövlətlərdən muzdluları cəlb edə biləcəklərini dedi, ancaq bu da onun ordusuna uğur gətirmədi, muzdlular belə, Ukrayna müharibəsində ölmək istəmədilər. Rusiya lideri belə vəziyyətdə səfərbərlik elan etmək məcburiyyətində qaldı ki, bu da onun ordusunu xilas etməyəcək: müharibəyə göndərəcəyi gəncləri ölüm gözləyir. Səfərbərlik qərarı ölkə cəmiyyətinin xoşuna gəlməyəcək, hələ ki susurlar, ancaq müharibənin uzanması və artan itkilər etiraz səslərini artıracaq”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir