Rusiya-Ukrayna müharibəsində sülh danışıqları variantının ərşə çəkilməsi və müharibə meydanında şiddətlənən döyüşlər qlobal təhükəsizlik nizamını sarsıdır.
Ukraynadakı müharibə ilə tektonik təlatümlərin başlanğıc nöqtəsindən start götürərək irəliləməsi siyasi xəritələrdəki dəyişikliklərdən tutmuş strateji mövqelərdəki postların dağılmasına qədər gətirib çıxara bilər.
Qlobal miqyasda bunun işartılarının görünməsi dövlətlərin ambisiyalarının həyata keçirilməsinə və qərarlarının qəbuluna yeni zəminlər yaradır.
Ukraynadakı müharibə Cənubi Qafqaz regionunu da silkələyir və postsovet ölkələrində başa düşürlər ki, onlar Rusiyanın suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı narrativlərinə ümid edə bilməzlər.
Ancaq Rusiya ilə əlaqələri tənzimləyən ipləri tamamilə qırmaq da sərfəli deyil, ən azından, iqtisadi, siyasi və təhlükəsizlik kimi məsələlər həmin həlqələrdən asılı vəziyyətdə qalmaqdadır.
Təhlükəsizlik anlayışını ətraflı şəkildə təqdim etmək lazımdır, yəni düşünmək yanlış olardı ki, MDB ölkələri özlərinin təhlükəsizlik arxitekturalarının qurulmasında Rusiyanın tezislərinə etibar edirlər.
Məsələnin mahiyyəti belədir ki, həmin ölkələr təhlükəsizliklərinə olan riskləri azaltmaqdan ötrü Rusiya ilə əməkdaşlıqda yeni səhifələr açmaq məcburiyyətindədirlər.
Bu səhifələrin yazılması Qərblə münasibətlərə xələl gətirməməlidir və Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi postsovet ölkələri balanslı xətt üzərində siyasətlərini davam etdirirlər, Gürcüstan isə Qərbə inteqrasiya xəttini zədələyə biləcək “Moskva reseptləri”nə də üstünlük verir.
Bunun paralelində ölkələr hərbi-strateji müdafiə hazırlıqlarını gücləndirmək üçün ayrılan vəsaitlərin həcmini böyüdürlər.
Ukraynadakı müharibə irəlilədikcə dövlətlərin müdafiə üçün motivasiyalarını artırmaları Qərbə sərf edir, çünki Rusiyanın rəqibləri bunu Moskvaya qarşı aktivləşə biləcək yeni koalisiyalar kimi nəzərdən keçirirlər.
Azərbaycan qlobal güclərdən hansısa birinə qarşı cəbhədə yer almaq niyyətində deyil, onun siyasəti fərqli meyarlara əsaslanır.
Avropa bazarlarına enerji ixracatçısı olan Azərbaycan ardıcıl olaraq Türkiyə, Rusiya, Belarus, İsrail, Çexiya, Cənubi Koreya, Türkiyədən aldığı və ya alacağı silahlarla hərbi potensiala genişhəcmli sərmayə qoya bilir.
Azərbaycan hərbi modernləşməni güclü enerji ixracı ilə dəstəklənən mexanizmlərin fonunda irəliyə doğru aparır. Bu, Ermənistanla, onun havadarları ilə mübahisələrin kəskinləşməsinə qarşı genişmiqyaslı müdafiə strategiyasıdır.
Qarabağ münaqişəsi həll edilsə də, Bakı siyasi ittifaqların Azərbaycana qarşı qəbul etdiyi qərarların təhlükəsizlik təhdidləri ilə mütənasibliyini araşdırır.
Aparılan strateji təhlillər Azərbaycanın gələcək risklərdə atacağı addımların koordinatlarını təyin edir, balanslı siyasətlə güclərdən biri arasında situativ seçim etmək arasındakı incə sərhədləri müəyyənləşdirməyə yardımçı olur.
Bütün bunlar Azərbaycanın Ermənistana nisbətdə diplomatiya və güc arasındakı məcburedici vasitələri kimi inkişaf edən dəyərə sahiblənir.
Ermənistanın təcrid zonasının genişlənməsi və İrəvanın Qərblə Rusiya arasında seçim edərək birinciyə üstünlük verməsi regionda alternativ kartların oynanılmasına gətirib çıxarır.
Qərblə Rusiyanın Cənubi Qafqazın üç ölkəsi ilə bağlı planlarının icrasını aktiv hala gətirən postmünaqişə reallıqlarında İrəvanın edə biləcəyi seçimlər də daralır.
Gürcüstan öz xəttini seçib, hər nə qədər Rusiyanın təsir imkanları bu ölkədə çoxalsa da, Tbilisi Qərbə doğru istiqamətlənən təməlləri dağıtmayıb.
Azərbaycana münasibət tamamilə fərqlidir, Rusiya Türkiyə faktorunu və Bakı ilə tərəfdaşlıq prinsiplərinin əməli çərçivələrini, regional mənzərədə Bakının rolunu nəzərə aldığına görə onunla münasibətlərini yaxşı məcrada tutur.
Cənubi Qafqazda izolyasiyada və strateji boşluqlarda olan yeganə ölkə Ermənistandır ki, bu da onun şanslarını sıfıra bərabər edir və bu, gələcəkdə İrəvanın böyük bir sıfırın içərisində çabalaması ilə müşayiət oluna bilər.
Aqşin Kərimov