• Şb. Noy 23rd, 2024

Rusiyaya qarşı sanksiyalar “qızıl suyu”na salınır – TƏHLİL

ByYenigun.news

İyn 30, 2022

“Böyük yeddilik” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada, Yaponiya) Rusiyanın müdafiə sənayesinə və qızıl ixracına qarşı yeni sanksiyalar paketini hazırlayırlar.

Bu zamana qədər tətbiq edilən embarqolar Rusiyanı Ukraynaya hərbi müdaxiləsindən çəkindirməyib və sanksiyalar bumeranq effekti verərək Qərbin özündə bahalaşma və inflyasiya dalğası yaradır.

İndi “Yeddi qardaş” əllərindəki barıtı Rusiyanın qızıl mədənlərinə və müdafiə sənayesinə “qoyaraq oranı partlatmaq” niyyətindədir. Bu, Moskvanın Ukraynada aylarca davam etdirdiyi işğal planına ən ağır cəza kimi qiymətləndirilir.

Qərbdə hesab edirlər ki, Rusiyanın müdafiə sənayesinə sanksiya tətbiq edilməsi Moskvanın öz ordusu üçün lazım olan texnologiyaya çıxışını bloklayacaq. Bununla da hədəflənir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi əngəllənsin və onun Ukraynadakı imkanları minimallaşdırılsın.

Rusiya özü üçün yaranan qlobal məhdudiyyətlərin və iqtisadi cəzaların təsirini azaltmaq üçün qızıl hasilatını artırmaq imkanlarına sahibdir, lakin yeni sanksiyaların Ukraynadakı müharibəyə hansı səviyyədə təsir edəcəyi bəlli deyil.

Rusiyanın enerji resurslarından sonra ən böyük ixracı qızıldır, hazırda Moskvanın bu ixracatdan əldə etdiyi gəlir 20 milyard dollar səviyyəsində dəyərləndirilir ki, bu da qlobal qızıl ixracının 5%-i deməkdir.

Rusiya qızılın 90%-ni G7 ölkələrinə göndərir. Bu ixracda əsas pay Böyük Britaniyanın hesabına düşür, belə ki, Birləşmiş Krallıq Rusiyadan il ərzində 17 milyard dollarlıq qızıl idxal edir.

Ancaq Rusiyanın Türkiyə, Qazaxıstan, Hindistan kimi bazarları da var ki, sanksiyalardan sonra həmin zonalara ixrac həcmini artırmaqla itkiləri kompensasiya edəcəyini söyləmək olar. Rusiya üçün digər cəlbedici alternativ bazar Çindir.

G7 ölkələri arasında fikir ayrılıqları da mövcuddur, çünki sanksiyaların “qızıl suyuna” salınması dünya bazarlarındakı qiymətlər üçün risk yarada biləcəyi ehtimallarını artırır.

Bəs Rusiyanın qızıl ixracına sanksiya tətbiq edilsə, o hansı həddə qədər saat kimi işləyəcək və hansı sərhəddən sonra onun effekti olmayacaq?

Ümumiyyətlə, sanksiya təzyiqlərinin tam gücü ilə işləməmək səbəblərindən biri böyük şirkətlərin ticari maraqları hər şeydən üstün tutmaları ilə əlaqədardır.

Qeyd etdiyimiz kimi, Rusiya daha çox “Böyük yeddilik” ölkələrinə qızıl satsa da, həmin yeddiliyin yurisdiksiyasından kənar dövlətlərə də qızıl ixrac etmək gücünə sahibdir. Amma qısa müddətdə Rusiya alternativ bazarlardakı qızılla iştirakını artırsa belə, əldə etdiyi gəlir əvvəlki səviyyədən aşağı olacaq.

Qızıl ixracına qadağa qoyulması planı Rusiyanı iqtisadi cəhətdən təcrid etmək, onun maliyyələşdirmə qollarını sındırmaq, çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır.

Bununla belə, qara bazarlarda həmişə maliyyələşmə qolları regenerasiya edilərək alternativ gəlir mənbələrinə çevrilir.

Proqnoz kimi deyəcəyimiz budur ki, qızıl qadağası onun qiymətlərinin uzunmüddətli perspektivinə və Ukraynadakı müharibənin miqyasına əhəmiyyətli təsir etməyəcək.

Bu, Rusiyanın əsasən Çin, Hindistan bazarlarında var-gəl etməsini sürətləndirəcək. Rusiyanın qızılına qadağa qoyulmasından sonra Çin və Hindistan qızılı daha ucuz qiymətə almağa çalışacaqlar.

Bununla da: Rusiya itkiləri kompensasiya etmək üçün həmin bazarlar üçün hasilatı çoxaltmalı olacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir