“Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minaaxtarma ilə bağlı əməliyyatlar davam edir. Prezident İlham Əliyevin göstərişinə əsasən, yol təmizlənərək istifadəyə verilməlidir”.
“Report”un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu layihəni icra edən “Safe Point” şirkətinin əməliyyat bölməsinin meneceri Ruslan Muradov deyib.
Onun sözlərinə görə, yolun uzunluğu 7,5 km-dir:
“Qeyri-texniki tədqiqat nəticəsində təhlükəli sektordan – Əfətli kəndindən başlamışıq. Bu isə öz növbəsində 25 hektar ərazini əhatə edir. Uzun və təhlükəli prosesdir. İndiyə kimi tank əleyhinə minalar – TM62, P3 və P2, eyni zamanda piyada əleyhinə minalar PMD və PM aşkarlanıb. Bizim tərəfimizdən sürpriz minalar aşkarlanmayıb.
Lakin ərazi haqqında əldə etdiyimiz məlumata görə, sürpriz minaların olması gözləniləndir. Çünki ön xətt boyunca sürpriz minaların olması taktiki cəhətdən məqsədəuyğun hesab edilir”.