“Son vaxtlar cəmiyyətdə və müəyyən dövlət qurumlarında dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödəniləcək məbləğin azlığı ilə bağlı müzakirələr gedir”.
“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkillərə ödənilən vəsait 2018-ci ildə 2 manatdan 6 manatadək artırılıb:
“2018-də Prezident İlham Əliyevin tapşırığına əsasən, bu məbləğ 3 dəfə artırıldı. Amma 2018-dən sonra heç bir artım müşahidə olunmayıb. Vəkillər Kollegiyasının mövqeyi ondan ibarətdir ki, hər saata görə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ kifayət etmir. Bu məbləğ artırılmalıdır.
Bəzi şəxslər elə hesab edir ki, dövlət hesabına göstərilən hüquqi yardımlar vəkillərin vəzifəsidir. Bəli, vəkillər bu vəzifəni layiqincə yerinə yetirir. Amma, beynəlxalq standartlara görə, bazar şəraitinə uyğun məbləğin ödənilməsini dövlət həyata keçirir”.