• C. Noy 29th, 2024

Səfir: “Fransa Azərbaycan və Ermənistan liderləri arasında danışıqları pozmaq üçün hər şey edib”

ByYenigun.news

Okt 6, 2023


“Fransa Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqları pozmaq üçün əlindən gələn hər şeyi edib”.

Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Telegraph”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa Ermənistanın suverenliyinin qorunması barədə danışır, amma Azərbaycanın bununla bağlı iddiası yoxdur: “Paşinyanla Əliyev arasında danışıqların təşkil edilməsindən danışılsa da, onun pozulması üçün hər şey edildi”.

Səfir vurğulayıb ki, Fransa və Almaniya vasitəçi rolundan kənarlaşdırılacağı təqdirdə, Azərbaycan Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə danışıqlara qayıdacaq.

“Fransızların iştirakı kollapsa səbəb olmasa da, danışıqlarda durğunluğa gətirib çıxardı”, – E.Süleymanov deyib.

Onun fikrincə, Fransa öz uğursuzluqlarını, müəyyən mənada, başqa ölkələrə ötürür.

Diplomat guya Azərbaycanın Ermənistan ərazilərinə müdaxilə etməklə bağlı planlar hazırlamasına dair iddiaları da təkzib edib. O qeyd edib ki, Azərbaycan Ermənistanla bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə əks etdirən sülh sazişini imzalamaqda maraqlıdır: “Bizim heç bir dövlətə qarşı ərazi iddiamız və heç bir ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddia irəli sürmək planımız yoxdur. Biz yalnız ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik”.

“Anlayıram ki, Qarabağ bölgəsinin erməniləri narahatdırlar, lakin Azərbaycan heç bir etnik təmizləmə aparmır. Üstəlik, bizim hökumətimiz onların qalmasına və reinteqrasiyasına tərəfdardır”, – diplomat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir