“Mərakeş və Azərbaycan əməkdaşlığı gücləndirmək üçün əl-ələ verib çalışırlar”.
“Report” xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı – Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
A.Embarş ötən ilin avqustunda Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.
“Son 30 ildə Mərakeş və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirmək, qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün əl-ələ verib çalışırlar”, – o deyib.
Diplomat son bir ildə iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayıb. Belə ki, Mərakeş parlamentinin Nümayəndələr Palatasının rəhbəri Rəşid Talbi əl-Aləmi Azərbaycana gəlib və Milli Məclisin sədri Sahibə Qafarovanı Mərakeşə səfərə dəvət edib.
Səfirin sözlərinə görə, Azərbaycan və Mərakeş arasında, həmçinin Rabatda siyasi məsləhətləşmələr də keçirilib, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev rəhbərlik edib.