“Meksika nümayəndə heyətinin Ümumdünya Məskunlaşma Gününə həsr olunmuş tədbirlərdə iştirakı Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığı gücləndirməyə kömək edəcək”.
“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero mətbuat konfransında deyib.
“Azərbaycana səfər çərçivəsində Meksika nümayəndə heyəti Zəngilanda olub, burada cənab Prezident İlham Əliyev forumun açılışında çıxış edib, işğaldan azad edilmiş ərazilərin bərpası prosesindən danışıb. İnanıram ki, Meksika nümayəndə heyətinin belə bir tədbirdə iştirakı bizə şəhərsalma sahəsində əməkdaşlığımızı gücləndirməyə kömək edəcək”, – deyə səfir vurğulayıb.
O, Meksika səfirliyinin Keretaro ştatından olan nümayəndələrin Azərbaycanda qəbul etməsindən böyük məmnunluq duyduğunu qeyd edib.
Diplomat əlavə edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi estafetini Meksikaya ötürür.
Qeyd edək ki, Meksikanın Keretaro ştatının dövlət qurumlarının nümayəndələri BMT-nin Məskunlaşma Proqramı (UN Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən “Şəhərsalma Həftəsi 2023” forumunda iştirak etmək üçün Bakıya gəliblər.