“Sinan Oğanın azərbaycanəsilli bir siyasətçi kimi Azərbaycanın hər zaman yanında olan Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi şəhid ailələri və qaziləri sevindirən hadisə oldu. Azərbaycan cəmiyyətində Ərdoğanın xidmətlərini müsbət qiymətləndirən də ən çox şəhid ailələri və qazilərdir”.
Bu sözləri Oxu.Az-a şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova deyib. O qeyd edib ki, Ərdoğanın Vətən müharibəsində mənəvi dəstəyi Azərbaycan cəmiyyəti tərəfindən unudulmayacaq:
“Torpaqlarımızın işğaldan azad edilməsində xalqımıza və ordumuza mənəvi dəstəyi əsirgəməyən Türkiyə dövlətinin böyük rolu oldu. Sinan Oğanın bir müddət öncə fərqli mövqedə çıxış edəcəyi haqqında fikirlər ortaya atılmışdı. Bu bizi ağrıdan məqam idi. Amma sevindirici haldır ki, o, sonunda düzgün qərarı verdi, Azərbaycan və Türkiyənin qardaşlığını üstün tutdu. Bu addımı ilə mənim də, inanıram ki, bütün şəhid ailələrinin də ona rəğbəti böyüdü. Biz onu alqışlayırıq ki, millət olaraq baş ucalığımızı qorudu.
Mən əminəm ki, Türkiyə xalqı bu dəfə də düzgün seçim edəcək, Ərdoğanı lider seçəcək. Bu, türk dünyasının qalibiyyəti deməkdir. Türkiyənin güclü dövlətə çevrilməsində, bütün uğurlarında Ərdoğanın əməyi böyükdür. Türkdilli xalqların birliyində Ərdoğanın xidmətləri danılmazdır. Azərbaycanın da bu birliyin tərkibi olması arzularımızın reallaşmasına şərait yaradacaq. Zəngəzur və Göyçəyə, Qərbi Azərbaycan torpaqlarına qayıdışımız birlikdən keçir.
Ərdoğanın prezident seçilməsi üçün dua edirəm və nəzir demişəm”.
Aysel Aslan