• Be. Noy 25th, 2024

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir

ByYenigun.news

İyl 3, 2023


Bu gün Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

İyulun 3-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.

Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar festival günlərində ümummilli liderin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları təqdim ediləcək.

Festival çərçivəsində növbəti günlərdə Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş kollektivlər maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

Beynəlxalq Musiqi Festivalına iyulun 7-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir