• Ça. Noy 26th, 2024

Şər üçbucağının yeni məkri: İran, Fransa və Hindistan Ermənistanı müharibəyə sürükləyirlər – RƏY + FOTO

ByYenigun.news

Sen 8, 2023


“Ermənistanla Azərbaycan arasında genişmiqyaslı əməliyyatların başlanması, əlbəttə, realdır. Beynəlxalq sifarişçilər – İran, Fransa və Hindistan İrəvandan bunu tələb edirlər. Onlar öz maraqları, o cümlədən, dünyanın yenidən bölüşdürülməsi prizmasında Azərbaycan, Türkiyə və Rusiyaya rəqib gözü ilə baxırlar”.

Bunu “Report”a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O bildirib ki, erməni lobbisi və beynəlxalq media da qarşı tərəfi dəstəkləyirlər:

“Saxta beynəlxalq hüquqi əsas yaratmağa çalışırlar. Ermənistanın indiki hakimiyyəti onu müharibəyə sövq edən tərəflərlə “paslaşır”. Qərb dairələri bölgə üçün yeni ssenari hazırlayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə başlayacaq. Ehtimal edilən savaşda məqsəd Ermənistanın qurban verilməsi hesabına Azərbaycan, Türkiyə və Rusiyanın bölgədəki təsir dairəsinin zəiflədilməsidir”.

Ekspertin sözlərinə görə, ehtimal edilən müharibənin nəticəsi indidən məlumdur:

“Savaşın nə zaman başlayacağı ilə bağlı konkret proqnoz vermək doğru olmaz. Amma uzaq gələcəkdə baş verməyəcək. Ermənistan bu müharibədə, sözsüz ki, məğlubiyyətə uğrayacaq. Hazırda davam edən oyunların əsas məqsədlərindən biri də Ermənistan-Azərbaycan şərti sərhədinə Fransa qoşunlarının yerləşdirilməsidir. Bunu BMT çətiri altında həll etmək mümkün deyil. Amma NATO və Avropa İttifaqında sözügedən niyyət üçün səylər göstəriləcək”.

Ə.Əlibəylinin fikrincə, hazırda baş verənlər ağır hərbi toqquşmanın başlanacağına dəlalət edir:

“Rusiya ilə Ermənistan arasında davam edən gərginlik bizim xeyrimizədir. Tərəflər tarixinin ən gərgin mərhələsindən keçirlər. ABŞ də bu gərginlikdə maraqlıdır. Vaşinqton Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ələ salır, Ermənistandakı Rusiya hərbi bazasını görməzdən gəlir, İrəvanla əlaqələri gücləndirir. Bütün bunlar perspektivdə Rusiyanın Ermənistanı ağır formada cəzalandırması ilə nəticələnə bilər”.

Politoloq deyib ki, ehtimal olunan müharibə nəticəsində Ermənistan məğlub olarsa, bu, baş nazir Nikol Paşinyanın hakimiyyətinə o qədər də təsir etməyəcək:

“Biz İkinci Qarabağ müharibəsində də oxşar ssenarini gördük. Paşinyan məğlub olsa da, hakimiyyətini qorudu. İndiki situasiyada da həmin ssenari təkrarlana bilər. Bunun əsas səbəbi daxildəki müxalifətin zəif olması, həlledici şəxslərin ələ alınmasıdır. Amma əlbəttə, Rusiya faktorunu da görməzdən gəlmək olmaz. Rəsmi Moskva Ermənistandakı proseslərə müdaxilə edərsə, bu halda Paşinyan hakimiyyətdən gedə bilər”.

O, həmçinin, ehtimal olunan müharibənin hərbi nəticələri haqqında da proqnozlarını bölüşüb:

“Xankəndidə hərbi təyinatlı addımların atılması suveren hüququmuzdur. Beynəlxalq hüquq da buna imkan verir. Əsas məsələ Zəngəzurla bağlıdır. Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret öhdəlikləri var. Amma bu öhdəliyini indiyədək yerinə yetirməyib. Onu da deyim ki, Ankara və Moskva Zəngəzur əməliyyatına qarşı deyillər. Əsas çətinlik beynəlxalq ictimaiyyətin və İranın mövqeyi ilə bağlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir