• C. Noy 22nd, 2024

Sərhəddə toqquşma: Azərbaycan Ermənistanın dərinliklərinə nüfuz edə bilər – TƏHLİL + FOTO

ByYenigun.news

Sen 1, 2023


Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə ərzaq yükü göndərməsi, keçid üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparmasının fonunda Ermənistanla şərti sərhəddə vəziyyət qızışdı.

Ermənistanın Azərbaycanla şərti sərhədin Kəlbəcər istiqamətindəki təxribatı, aldığı adekvat cavablarla itkilər verməsi regiondakı alovların üzərinə benzin tökülməsinin nəticəsidir.

Diqqət edə biləcəyimiz məqamlar:

– Arayik Arutyunyan Qarabağdakı qondarma vəzifəsindən “istefa” verir: bunun həm Rusiya, həm Qərb üçün sərfəli olmayan tərəfləri var;

– Ermənistan bundan və Fransanın regionda aktivləşmək cəhdlərindən vəcdə gələrək sərhəddə təxribata gedir;

– Ermənistan Azərbaycan mövqelərinə qarşı zərbə PUA-ları tətbiq etməklə müdafiə sənayesi sahəsində irəlilədiyini göstərir və bununla regiondakı vəziyyətə təsir edə biləcəyi xəyallarına qapılır;

– Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə gözlənilən görüşü öncəsi Bakı-Ankara strateji müttəfiqliyinin Moskva və Qərblə münasibətlərini gərgin vəziyyətə salmaq üçün oxlar atılır.

Vəziyyətin dramatikləşməsi gözlənilən bir situasiyadırsa, Azərbaycanın da təxribatlara genişmiqyaslı cavablar verməsi bir o qədər realdır.

Ermənistan-Azərbaycan şərti sərhədindəki toqquşma delimitasiya prosesinə dair diplomatik-siyasi danışıqları arxa plana ataraq güc tətbiqi variantını gündəmə oturdur.

Bəli, təxribatlar davam etsə, Azərbaycan sərhədlərin delimitasiyası üçün lazım olan daha bir səddi hərb yolu ilə keçib yeni mövqelərdə yerləşə bilər.

Regiondakı tablonu qarışdıra biləcək başqa bir ölkə isə İrandır, xüsusilə Tehranın Yaxın Şərq regionunda fəallaşmasının nəticələri Cənubi Qafqazda da izlər buraxa bilər.

Ermənistanın niyə ruhlandığı indi daha aydın ola bilər – İrəvan yuxarıda qeyd edilənlərlə yanaşı, İranın aktivlik fazasını yeniləməsini özünün Cənubi Qafqazdakı işğalçı maraqları üçün zəmin hesab edir. Ermənistanın regiondakı provokasiyasından sonra Hindistan da İrəvan üçün xeyirli tezislərini səsləndirməyi sürətləndirə bilər.

Ancaq Ermənistanın zənlərinin yenə onu yanıldacağı dəqiqdir, lakin bu vaxt aralığında qlobal oyunçular gərgin situasiyanı “həll etmək” yarışına girişəcəklər. Belə vəziyyət sülh gündəliyinə mənfi təsirlər göstərə biləcək elementləri özündə daşıyır.

Ermənistanın zərbə PUA-larına gəlincə, bu, strateji nəticələrə təsir edə biləcək potensiala malik deyil. Çünki Azərbaycanın arsenalında daha müasir zərbə PUA-ları, ən müasir raketlər mövcuddur. Azərbaycan elit qüvvələri ilə yanaşı, həmin silahları da Ermənistanın lazım olan dərinliklərinə qədər nüfuz etdirib yeni reallıq ərsəyə gətirə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir