Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində Ermənistanın sentyabrın 13-14-də törətdiyi təxribatlardan danışıb.
E.Quliyev bildirib ki, sentyabrın 13-dən Ermənistan bölmələrinin dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı.
“Düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”, – deyə o əlavə edib.
Elçin Quliyev Azərbaycanın döyüşlər zamanı istifadə etdiyi müasir silahlara da diqqət çəkib.
“Döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbəendirici PUA-lardan istifadə edildi. Nəticədə düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 “S-300” zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd “S-125” kompleksinin idarəetmə stansiyaları, “P-18” radiolokasiya sistemi, R-330 “Jitel” elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu”,-deyə Elçin Quliyev bildirib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.
“Qısamüddətli olmasına baxmayaraq, hərb tariximizdə öz yerini tutacaq bu döyüş əməliyyatları növbəti dəfə Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”.