• Şb. Noy 30th, 2024

Sahibə Qafarova beynəlxalq konfransın iştirakçılarını Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırıb

ByYenigun.news

Sen 21, 2023


“Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdılar. Bu təxribatlara cavab olaraq, ölkəmiz regionda lokal antiterror tədbirlərinə başladı”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu tədbirlərin məqsədi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərk-silah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olub.

Milli Məclisin sədri bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal antiterror əməliyyatlarının dayandırılması barədə razılıq əldə olunub.

Spiker Sahibə Qafarova erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayan dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

Sahibə Qafarova Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyini xatırladıb. O deyib ki, razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəklidir.

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir