Sahibkarlıq fəaliyyəti zamanı müştərilərə qarşı aqressiv davranış qadağan edilir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, sahibkarlıq fəaliyyətində təhdid, zor və ya digər qanunsuz təsir vasitələrinin tətbiqi ilə müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına və bununla da onların normal bazar şəraitində qəbul edəcəyi qərarlardan fərqli qərar qəbul etməsinə səbəb olan hərəkətlərə yol verilmir.
Bundan başqa, sahibkarlıq subyektlərinə, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması halları da Məcəlləyə əsasən müəyyən olunur.
Belə ki, rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi) rəqibi nüfuzdan salmağa cəhd kimi dəyərləndiriləcək.
Həmçinin rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi) rəqibin nüfuzdan salınmasına cəhd halları olaraq, qadağan edilir.
Aysel Aslan